Ölkələrarası sosial əməkdaşlıq genişlənir

post-img

Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Tədbir barədə XQ-yə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. 

Bildirilib ki, mərasimdə əmək və əha­linin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Tacikistan arasında əlaqələrin daim genişlənmək­də olduğunu, sosial sahədə də ikitərəfli əməkdaşlığın inkişafı üçün aparılan işlə­rin əhəmiyyətini qeyd edib. Nümayəndə heyətinə ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər apa­rılan islahatlar, DOST konsepsiyası, ölkə­mizdə icra olunan aktiv məşğulluq proq­ramları barədə məlumat verilib. Habelə sosial sahədə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamə­tində görülən işlər, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar, “Əmək və məşğulluq” altsisteminin üs­tünlükləri diqqətə çatdırılıb və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. 

Söhbət əsnasında K.Davlatzoda iki ölkə arasında sosial əməkdaşlığın ge­nişləndirilməsində maraqlı olduqlarını, sosial islahatlar prosesində təcrübə mü­badilələrinin önəmini vurğulayıb. 

Sonra nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzinə baş çəkib. Qonaqlara DOST Agentliyi və mərkəzlərinin dövlət sosial xidmətlərinə gətirdiyi və vətəndaş məmnunluğuna imkan yaradan mühüm innovasiyalar barədə məlumat verilib. Qeyd edilib ki, DOST mərkəzlərində sosi­al sahələr üzrə 159 xidmət “bir pəncərə”­dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. 

Daha sonra agentlikdə Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə DOST Agentliyinin İdarə Heyə­tinin sədri Fərid Məmmədov DOST kon­sepsiyasına dair təqdimat edib. DOST modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilərək 20-dən çox beynəlxalq mükafata layiq görüldüyü qeyd olunub. Bir sıra ölkələrin DOST təcrübəsinin tətbiqində maraqlı olduqları və həmin ölkələrin müvafiq qurumları ilə bu sahədə təcrübəmizin bölüşdürülməsi istiqamətin­də işlərin aparıldığı diqqətə çatdırılıb.

Onu da qeyd etmək yerinə düşər ki, DOST Agentliyinin “Könüllü DOST” proq­ramı da fəaliyyət göstərir. Proqrama an­caq bu il 4 min 300 müraciət olub və 224 nəfər cəlb edilib. Proqram fərqli ictimai və yaş təbəqələrini, habelə fəaliyyət sahələ­rini əhatə edən bir neçə altproqram­dan (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” və “Distant DOST”) ibarətdir.

DOST könüllüləri DOST mərkəzlərin­də vətəndaş məmnunluğuna uyğun xid­mətlərin göstərilməsi, vətəndaşların qar­şılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və digər işlərdə əməkdaşlara dəstək verirlər. Kö­nüllülərin böyük əksəriyyəti gənclərdir və “Könüllü DOST” proqramında iştirak on­lara əhəmiyyətli işgüzar vərdişlər, sosial sahədə bilik və təcrübə əldə etmək, fərdi inkişaf, yeni dostlar və karyera yolunda ilk uğurlu addımlar atmaq imkanı yaradır.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat