“Üçüncü hissə”nin qəhrəmanları haqqında qələbə reportajı
Tofiq Bəhrəmov adına Respublika stadionu yenə möhtəşəm futbol ovqatı yaşayırdı. Paytaxtın çiskin və yağışlı havası inadkar futbol azarkeşlərini evdə oturmağa məcbur edə bilməmişdi. Çünki fevralın 22-də 32 minə yaxın azarkeş Azərbaycanı ilk dəfə futbol üzrə Avropa liqasının pley-off mərhələsində təmsil edən və ilk qarşılaşmada Portuqaliyada yerli “Braqa” klubunu 4:2 hesabı ilə darmadağın edən Ağdamın “Qarabağ” klubunun yazacağı yeni tarixə şahidlik etmək və ona dəstəyini göstərmək istəyirdi. Oyun başlamamışdan artıq “Qarabağ!”, “Qarabağ!”, “Qarabağ!” sədaları stadionda fırtına yaradırdı.
Bolqarıstanlı baş hakim Georgi Kabakovun start fiti səsləndi. Bakıya Braqadakı 4:2 hesablı xəcaləti üstündən götürməyə gələn Artur Jorjenin yetirmələri elə ilk dəqiqələrdən hücuma keçdilər. Portuqaliyalıların qarşısında duran əsas vəzifə 2 qolluq “qandikapı” aradan qaldırmaq idi. Artıq qarşılaşmanın debütündə rəqibin əsas qol silahlarından olan Banza çərimə meydançasının sol küncündən topu çərçivədən kənara vurub əla vəziyyətdən istifadə edə bilmədi. Matçın 10-cu dəqiqəsinə qədər qonaqlar özlərini lap ev sahibi kimi apardılar. Lakin Qurban Qurbanovun yetirmələri tədricən təşəbbüsü və oyunda mübarizənin əsas elementi olan topu ələ almağı bacardılar. Bir neçə dəqiqədən sonra qarabağlılar mübarizəni meydanın rəqibə aid hissəsinə keçirib hücumların kəsərini daha da artırdılar. Artıq matçın 27-ci dəqiqəsində sol cinahdan maharətlə rəqibini keçən Abdulla Zubir çərçivənin önünə əla ötürmə etdi. Lakin Juninio real qol vəziyyətini uğura çevirə bilmədi.
Portuqaliyalılar Qurbanovun yetirmələrinə oynamaq üçün imkan verirdilər. Növbəti belə məqamlardan birində - matçın 32-ci dəqiqəsində Andrado braqalı qapıçı ilə təkbətək çıxdı. Lakin qolkiper Mateus qarabağlı forvarda öz imkanını qola çevirmək üçün son zərbəni endirməyə imkan verməyib dueldən qalib ayrıldı və qapısını toxunulmaz saxlaya bildi.
İnsafən, “Qarabağ” klubunun futbolçuları birinci hissədə həqiqətən əzmkar, sürətli və texnikalı oyun nümayiş etdirir, imkan daxilində hesabı tez açmağa çalışırdılar. Lakin hücumlarda səmərəlilik və əksər hallarda topa son uğurlu zərbə endirmək və ya ötürmə etmək mümkün olmurdu. Bir çox hallarda isə anında ötürmə etməkdə ləngimələr topun itirilməsi ilə nəticələnirdi.
Bütün bunlara baxmayaraq, “Qarabağ” daha kəskin hücumlar təşkil edirdi. 36-cı dəqiqədə oyunun ən yaxşılarından olan Veşoviç sağ cinahdan ustalıqla rəqibini aldadıb qapıya güclü zərbə endirdi. Braqanın braziliyalı qapıçısı bu dəfə də “keçilməz” oldu və əla reaksiya nümayiş etdirdi.
Oyun boyu meydanın kənarından komandasını hücuma səsləyən Artur Jorjenin yetirmələri baş məşqçinin göstərişlərinə baxmayaraq, tez-tez səhvlərə yol verirdilər. 40-cı dəqiqədə qarabağlı hücumçu Juninio yenidən əla qol vəziyyətini qaçırdı. 41-ci dəqiqədə isə Andrade qapıçı Mateusla dueldən məğlub ayrıldı. Beləcə, Qurban Qurbanovun yetirmələri matçın ilk yarısında bir-birinin ardınca ələ düşən imkanları boşa verib üstünlüklərini qola çevirə və Braqadakı hesabı bir qədər də yaxşılaşdırmağa nail ola bilmədilər.
Etiraf etmək lazımdır ki, matçın ilk hissəsində “Qarabağ”ın oyunçuları Andradonun, Veşoviçin zərbələrini əla “seyvlər”lə dəf edən rəqib qapıçı Mateus çox etibarlı oynadı. Əgər qolkiperin ustalığı olmasaydı, “Braqa” elə birinci hissədə ən yaxşı halda qapısında 2 qol görəcəkdi. Artur Jorjenin danışıqları isə “Braqa” futbolçularına bir fayda vermirdi.
Fasilədən sonra “Qarabağ” rəqiblərin gözünün odunu almış kimi hücumlarını davam etdirirdi. Açıq görünürdü ki, portuqaliyalılar çox ehtiyatlı oynayır və riskə getmək istəmirlər.
51-ci dəqiqədə ilk qarşılaşmanın qəhrəmanı Zubir sürətlə hücuma keçərək az qala qapıçı ilə təkbətək qalacaqdı. Bu məqamda komanda yoldaşına ötürmə etsəydi, bəlkə də 100 faizli qol vəziyyəti yaranacaqdı. Lakin onun “xəsisliyi” braqalıların xeyrinə oldu. Bundan sonra Veşoviç yenə rəqib qapısının önünə əla ötürmə etdi. Bu dəfə də Mateus etibarlı oynadı.
Matçın 57-ci dəqiqəsində isə qarşılaşmada vəziyyət tamamilə dəyişdi. “Qarabağ”ın sol kənar müdafiəçisi Elvin Cəfərquliyev əvvəlcə 55-ci dəqiqədə sarı vərəqə aldı. Heç 2 dəqiqə keçməmiş sankı cəzalı olduğunu unudaraq adi bir vəziyyətdə ehtiyac olmadan rəqib meydançasında “Braqa”nın oyunçusuna qarşı çox sərt qayda pozuntusuna yol verdi. Bolqarıstanlı hakim düşünmədən ona ikinci sarı vərəqə və ardınca qırmızı vərəqə göstərib meydançanı tərk etməsini istədi.
“Qarabağ” azlıqda qalandan dərhal sonra “Braqa” sanki bunu gözləyirmiş kimi aramsız hücumlara başladı. “Qarabağ” ancaq 13 dəqiqə rəqibin hücumlarına tab gətirə bildi. Matçın 70-ci dəqiqəsindən komanda yoldaşı Brunodan sağ cinahdan əla ötürmə alan Fernandeş topu effektli zərbə ilə Lunyovun qoruduğu qapının sol küncdən tora qovuşdurdu - 0:1. Bu “Braqa” futbolçularının ev sahiblərinin qapısına endirdiklər yalnız 2-ci zərbə idi və bu da qolla nəticələndi.
“Qarabağ”ın azlıqda qaldığını və bütün qüvvəsilə müdafiəyə çəkildiyini görən Artur Jorje bir-birinin ardınca dəyişikliklər edib meydancaya yeni hücuma meyilli futbolçular buraxdı. Oyunun son 20 dəqiqəsində qonaqlar var gücləri ilə hücuma keçdilər və hətta bir qol vura bildilər. Lakin bu dəfə VAR “Qarabağ”ın köməyinə gəldi və Ruisin vurduğu qolu hesaba almadı, o, topu əllə saxlamışdı.
Futbolçularımız həqiqətən çox dramatik vəziyyətə düşmüşdülər. Elə buna görə də “Braqa” istədiyinə nail oldu və 83-cü dəqiqədə Calo sol cinahdan əla qövsvari zərbə ilə hesabı 2:0 etdi. İlk baxışdan “Qarabağ”ın finala çıxmaq ümidi dəqiqələr getdikcə əriyirdi. Hər şey tərsinə çevrildi. Mənə elə gəlirdi ki, vaxt da, meydandakı hakimlər də “Qarabağ”ın əleyhinə işləyirlər. 90 dəqiqə başa çatanda sanki stadiondakı tamaşaçıların da qəlbində ümid işığı bir qədər artdı. İndi ümumi hesab 4:4 idi və finalın qalibi əlavə vaxtda müəyyənləşəcəkdi.
Portuqaliyalılar “ekstrataym”a da aramsız və kəskin hücumlarla başladılar. Adama elə gəlirdi ki, “Qarabağ”ın bəxti yatıb. Lakin Qurban Qurbanovun əvəzləmələrindən sonra qarabağlılar əks-hücum şanslarını qaçırmırdılar. Bu, risk idi. Amma başqa çıxış yolu yox idi.
Rəqib oyunçu meydançaya yeni daxil olmuş braziliyalı hücuma meyilli müdafiəçimiz Mateus da Silvaya qarşı çox kobud oynadı. Hakimin təyin etdiyi cərimə zərbəsini vurmağa bu qarşılaşmanın bəlkə də ən yaxşısı olan Yankoviç yaxınlaşdı və topu qapı meydanına vurdu. Rəqib oyunçunun qaytardığı topu Mateus da Silva ələ keçirib güclü zərbə ilə təkrar qapıya göndərdi. Bu dəfə qapıçı Mateus rəqib həmyerlisinin topunu qaytarmaqda aciz qaldı. Stadion büsbütün ayağa qalxdı. “Ekstrataym”ın 12-ci, oyunun 102-ci dəqiqəsi “Qarabağ”-1, “Braqa”- 2. Bu hesab “Qarabağ”ı 1/8 finala çıxarırdı, əlbəttə, əgər yeni sürpriz olmasaydı.
Portuqaliyalıların iki oyunluq qarşılaşmada həm qalib olmağa, həm də 1/8 finala çıxmağa 20 dəqiqəsi qalırdı. Deyəsən, onlar istədiklərinə çatırdılar. “Ekstrataym”ın ikinci hissəsində, matçın 115-ci dəqiqəsində oyunun ən fədakar müdafiəçisi Bəhlul Mustafazadə cərimə meydançasında rəqibi ciddi qayda pozuntusu ilə saxladı. Hakim 11 metrlik nöqtəni göstərdi. Banza özü bu penalı qola çevirdi – 1:3.
Daha neyləmək olardı? Oyun sona yaxınlaşırdı. Yorulsalar da, fədakarlıqları ilə heyranlıq doğuran futbolçularımız bütün imkanlarını səfərbər etmişdilər. Yenə Yankoviç diqqət mərkəzinə düşdü. İki rəqibindən sıyrılan yarımmüdafiəçimizə qarşı rəqib çox sərt oynadı. Vaxt gedirdi, “ekstrataym”a əlavə edilmiş 4 dəqiqənin də 2 dəqiqəsi başa çatırdı. Yankoviç yerdən qalxmamış kapitan Bədavi Hüseynov hakimin göstərdiyi nöqtədən topu meydana 108-ci dəqiqədə daxil olmuş 19 yaşlı Nəriman Axundzadəyə atdı. Nəriman soyuqanlılıqla rəqib müdafiəçisini aldadıb topu qapının sağ küncünə vurdu. Q-o-o-o-o-l!
Stadion uğuldadı. Bu, sanki, Bakı səmasına yüksələn “Qarabağ” zəfərinin sevinc simfoniyası idi. Əlavə vaxtın qəhrəmanları Mateus da Silva və Nəriman Axundzadə Qələbəyə bərabər məğlubiyyətlə Azərbaycan futbolunun yeni tarixinə imza atdılar. “Bu fantastikadır!” – rusiyalı futbol icmalçısının heyrət içində dediyi bu sözlərə nə əlavə edəsən? Bu, həqiqətən, fantastika idi! Amma Azərbaycan futbolunun gerçəyə çevirdiyi fantastika!
Beləliklə, “Qarabağ” ümumi hesabda 6:5 hesabı ilə qalib gələrək qitə liqasında 1/8 finala yüksələn ilk Azərbaycanın komandası kimi futbol tariximizə düşdü. Komandamızın bu mərhlədə qarşılaşacağı rəqib dünən İsveçrənin Nion şəhərində kerçirilən püşkatma mərasimində məlum oldu. “Qarabağ” martın 7-si və 14-də Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq. Komandamız artıq qrup mərhələsində bu rəqiblə qarşılaşmışdı və hər iki oyun Xabi Alonsonun yetirmələrinin qələbəsilə başa çatmışdı. “Qarabağ” bu dəfə öz gücünü sübut edə biləcəkmi?
İlqar RÜSTƏMOV
XQ