Əli bəy Hüseynzadə – 160
XX əsr Azərbaycan–türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, mütəfəkkir yazıçı, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadə xalqımızı hümmətçilik düşüncəsindən millətçilik məfkurəsinə yönləndirən dahilərimizdəndir. 160 illik yubileyi ərəfəsində böyük şəxsiyyətin irsinin tədqiqatçısı kimi tanınan filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanla həmsöhbət olduq.
Xatırladaq ki, indiyədək 40-dan artiq kitabı nəşr edilən Azər Turanın Əli bəy Hüseynzadə ilə bağlı araşdırmalarından ibarət kitabları Bakı ilə yanaşı, Moskva, İstanbul və başqa şəhərlərdə yüksək tirajla çap edilərək geniş oxucu marağına səbəb olub. Azər müəllimin Əli bəy Hüseynzadə irsini dəyərləndirmələri istiqlal məfkurəsi tariximizə məhz bugünün prizmasından yanaşması ilə diqqət çəkir.
– Fevralın 7-də Azərbaycan bağımsızlığını elan edəndən sonra ilk dəfə idi ki, Prezident seçkiləri ölkəmizin bütün ərazilərini əhatə edirdi. Prezident isə Xankəndidə səs verdi. Son vaxtlar Xankəndi adı yaddaşıma Əli bəy Hüseynzadənin misraları ilə assosiasiya edir: “Bu yerləri Türkə vermişdir Tanrı!”
Əli bəy Hüseynzadənin yubileyi ilə bağlı düşüncələrə daldığım zaman öncə 2018-ci il martın 17-də onun ömrü boyu İstanbulda yaşamış qızı Feyzavər Alpsar Turanla olan telefon söhbətimizi xatırlayıram. Hüseynzadənin dünyasını dəyişdiyi gün idi və Feyzavər Alpsar məhz həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdi. Xəbərin sevincini bölüşmək üçün dərhal ona zəng vurdum. Ordenlə təltif olunmasından xəbərsiz idi. 99 yaşlı Feyzavər xanım hər zamankı kübar və həzin səsiylə “Mən nə etdim ki? – dedi. – Sağ olsun, sayın Aliyev, əlbəttə, bunu türk kültürünün böyük mütəfəkkiri babamın adına sevinclə qarşılayıram”.
İlham Əliyev Feyzavər xanımı təkcə bu ordenlə sevindirmədi ki... Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 2014-cü ildə verdiyi sərəncam, Əli bəy Hüseynzadənin əsərlərinin dövlət varidatı elan edilməsi, kitabının latın qrafikası ilə kütləvi tirajla nəşri, Cümhuriyyətin 100 illiyi günlərində onun varisinə verilən yubiley medalı... Atasının 100 ildən sonra fikir həyatımıza belə vüsətlə qayıtması varisi çox sevindirmiş, heç vaxt görmədiyi Azərbaycana daha da yaxınlaşdırmışdı. Bəlkə elə bu səbəbdən də Feyzavər xanım atasına aid olan hər şeyi, o cümlədən çox qiymətli rəsm əsərlərinin hamısını qarşılıqsız olaraq Azərbaycana bağışladı.
Azər Turan Bibi heybət məscidindən də bəhs edərək onun bərpasında Əli bəy Hüseynzadənin də, necə deyərlər, rolu olduğuna işıq tutur:
– 1936-cı ildə partladılıb dağıdılmış Bibi heybət məscidi müstəqillik illərimizdə yenidən quruldu. Ötən yüzilin əvvəllərində, konkret isə 1908-ci ildə, yəni “Səadət” məktəbinin müdiri olduğu sıralarda Hüseynzadə Bibi heybət məscidinin şəklini çəkir. Bəlli səbəblərə görə əsəri satışa çıxarır. Bakıdakı ingilis konsulu Mak Donnel şəkli almaq istəyir. Hacı Zeynalabdin Tağıyev hadisəni eşidir və buna imkan vermir. “Öz məscidimizin şəkli öz şəhərimizdə qalsın” – deyib, tablonu özü alır. Az qala, bir əsr sonra Azərbaycan müstəqil olur. Ulu öndər Heydər Əliyev məscidi yenidən, amma əslində necə vardısa, elə, yəni olduğu kimi inşa etdirmək istəyir. Və o zaman Hüseynzadənin çəkdiyi və Hacının iltifatı ilə öz şəhərimizdə qalan tablo da etibarlı şahidlərdən olur. Müxtəlif sənədlərin, o cümlədən, həm də bu tablonun əsasında Bibi heybət məscidi yenidən qurulur. Və 2008-ci ildə bərpadan sonra məscidin açılış lentini kəsmək İlham Əliyevə nəsib olur...
Müsahibimiz sonra Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamını dəyərləndirir:
– Əvvəldə qeyd etdiyim kimi, bu sərəncam fikir həyatımızda yeni bir dövrün başlandığından xəbər verirdi. Çünki həmin sənəd Hüseyzadənin yalnız ədəbi-estetik deyil, həm də ideoloji baxışlarının dominant fikir olaraq təcrübədə tətbiq edilməsinə vəsilə oldu. Yuxarıda xatırlatdığım “Bu yerləri Türkə vermişdir Tanrı, Ey düşmən, burası Turan qapısı” misralarının yaratdığı ideoloji intibahlarla biz bu gün Zəngəzur səmtinə yönəlirik. Bu isə ərazi bütövlüyü təmin olunmuş Vətəndə 100 il sonrakı perspektivdən – Vahid və Bütöv Azərbaycan həqiqətlərindən soraq verir. Bu, son 250 ildə millətimizə Tanrının böyük iltifatıdır.
Bu mənada, mədəni Turançılığın yaradıcısı və ideoloqu olan Əli bəy Hüseynzadənin irəli sürdüyü məfkurənin başında indi İlham Əliyev dayanır. Və İlham Əliyevin yürütdüyü siyasətin hesabına biz artıq Əli bəy Hüseynzadə ideallarının ölkəsində yaşayırıq və bu ölkənin siyasi, ideoloji səmtini müəyyənləşdirən İlham Əliyevin təbirincə, Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayıb, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürüb və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edib...
Əli bəy Hüseynzadənin əsərlərinin dövlət səviyyəsində ilk təqdimatı da, yuxarıda xatırlatdığım kimi, İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı 2004-cü ildə imzaladığı sərəncamdan sonra – 2007-ci ildə gerçəkləşdi: Hüseynzadənin “Seçilmiş əsərləri” 25 min tirajla nəşr olundu... 2018-ci ilin həmin mart günündə Feyzavər Alpsarı ona “Dostluq” ordeninin verilməsi münasibəti ilə təbrik edəndə inandım ki, qızına verilən bu orden 100 il bundan qabaq Əli bəy Hüseynzadənin həyata keçirdiyi işlərin qarşılığında Azərbaycan adına bir qədirdanlıq nümunəsidir. İlham Əliyevin timsalında dövlətimizin öz dəyərlərinə bütövlükdə sahib çıxmasının gözəl və misilsiz bir örnəyidir. Heyf ki, Feyzavər Alpsar yer üzünün koronovirusla çalxalandığı 2020-ci ilin 25 aprelində dünyasını dəyişdi. Yollar bağlı olsa da, Azərbaycan adından ilk təziyə sözlərini İlham Əliyev yazdı, Feyzavər xanımla bağlı millətə ilk başsağlığını o verdi: “...Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım. Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır...”
İlham Əliyev 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirdi. O Bakıda ki, bu gözəl şəhər hələ erməni əsarətində olanda və hələ paytaxt elan edilməzdən öncə, Hüseynzadə “Azərbaycanın təbii paytaxtı Bakıdır, Bakını Azərbaycana çox görən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir”, – deyə Qafqaz İslam Ordusuna varılacaq son hədəfi – Bakını nişan vermişdi.
Dövlət başçımız 2018-ci ili Azərbaycanda Cümhuriyyət ili elan etdi. O Cümhuriyyət ki, 1918-ci ildə Gəncədə Əli bəy Hüseynzadə ölkənin “irəli gələnləri, münəvvərləriylə birgə Azərbaycanın bir Cümhuriyyət halında təsis və təşkil olunmasında yaxından iştirak” etmişdi. XX yüzilin əvvəllərində Əli bəy Hüseynzadə də daxil olmaqla, millət atalarımızın xəyal edə bilmədiyi ideyaları XXI yüzilin 20 ilində məhz İlham Əliyev gerçəkləşdirdi. Vətənin milli birlik düsturunu yaratdı. Və bu hərəkat, Qarabağ Zəfəri kontekstində Turan idealını aktuallaşdırdı.
2021-ci ildə Hüseynzadənin təbirincə, “Qarabağın mərkəzi və bir çox Qafqasiya türk üdəba və şüərasının vətəni olan” Şuşa şəhərində İlham Əliyev Rəcəb Tayyip Ərdoğanla birgə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladı.
İlham Əliyev Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurdu. Bayraq meydanları qurmaqla kifayətlənmədi, o əziz bayrağı Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad etdiyi digər Qarabağ şəhərlərində ucaltdı. O bayrağın ki, onu mənalandıran türkləşmək, islamlaşmaq, avropalaşmaq amilinin ideoloqu da Hüseynzadə idi.
Daha sonra Azər Turan Türk birliyi ideyasının reallaşmasından inam və öyünclə bəhs edir:
– 2020-ci ildə İkinci Qarabağ savaşında Türkiyə mənəvi-siyasi baxımdan Azərbaycanın yanında oldu. Əli bəy Hüseynzadə 1918-ci ildə yazırdı: “Azərbaycanı qurtaran Anadolu öz-özünü də qurtarır. Buna şübhə etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan-insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf dağına qovuşur və qovuşduqca yüksəlir!..”
Ötən il dekabrın 30-da “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Ədəbiyyatda həsrət mədəniyyət hadisəsidir, yaxud yeni tariximizin Qərbi Azərbaycan mərhələsi” məqaləmdə yazmışdım ki, milli tariximizin ən məsul dövründəyik. Budəfəki seçki fevral ayına təsadüf edəcək – Turan düşüncəsini ilk dəfə siyasi gündəmə gətirən Əli bəy Hüseynzadənin doğulduğu tarixə. Fevralda böyük mütəfəkkirin 160 yaşı tamam olacaq... Bu gün Turan yolunda Azərbaycana onun ideyaları çox lazım oldu: “Menşikov, Maqda Neyman, Çerevanski, “Mşak”, “Arşalyus” və sairə divlər, ifritlər arxadan, sağdan, soldan istədikləri qədər çığır-bağır etsinlər, biz qorxub geri baxanlardan deyiliz!..” Necə də zamanımızla səsləşən fikirlərdir!
Burada bizə qarşı bədxahlıq edən Fransa prezidentinin və senatının, eləcə də AŞPA-nın hərəkətlərinə bu gün Azərbaycan xalqının Əli bəy Hüseynzadənin 100 il əvvəlki tövsiyəsi ilə cavab verdiyini qeyd etmək yerinə düşər: “Qəm yemə, səbr et, bu da yahu, keçər”.
Bəli, bir əsr əvvəl Azərbaycanda pərvəriş tapmış böyük Turan məfkurə dalğası daha güclü şəkildə qabarmaqdadır.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ