Egey Universitetinin professoru Afiq Bərdəlinin rəhbərlik etdiyi araşdırma qrupu Türkiyədə çox rast gəlinən “Aralıq dənizi qızdırması” xəstəliyinin 13 fərqli növünü aşkar edib. Tədqiqat şiddətli qarın və əzələ ağrılarına, yüksək hərarətə səbəb olan bu xəstəliyin diaqnozu qoyulan 80 min xəstə və 12 milyon “Aralıq dənizi qızdırması” daşıyıcısı üçün ümid yaradıb.
Qardaş Türkiyənin “Yeni əsr” qəzetində oxuduğum bu məlumat orada yaşayan həmyerlimizlə tanışlığımıza körpü oldu. İzmirin elitar mühitində, elmi mərkəzlərində onun yaxşı tanınması məni çox sevindirirdi.
Bərdənin Arabaçılar kəndində 1962-ci ildə doğulan Afiq Hüseynov Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb, sonra Moskvada Rusiya Səhiyyə Nazirliyinin Uşaq Xəstəlikləri İnstitutunda və İtaliyanın Mario Negri Araşdırma İnstitutunda molekulyar genetika sahəsində çalışıb. 1999-cu ildə Türkiyə vətəndaşlığına qəbulu ilə Bərdəli soyadını götürüb və orada 28 yaşında tibb elmləri doktoru adına yiyələnib.
Professor Afiq Bərdəli İzmirdə “Şəfa” xəstəxanalar şəbəkəsinin genetik diaqnostika mərkəzini qurub və rəhbəri olub. O, eyni zamanda Egey Universitetində kök hüceyrəsi kafedrasının qurucusu və professorudur. Onun haqqında bircə cümləlik təqdimat da bu alimin kimliyini və hansı uğurlara imza atdığını söyləməyə imkan verir: tibb elmləri doktoru, professor Afiq Bərdəlinin yaratdığı molekulyar tibbi laboratoriya vaxtilə bütün Türkiyədə ilk və dünyada 3 elmi mərkəzdən biri olub...
Onun elm sahəsindəki uğurları bəs edir ki, bilik və bacarığı haqqında kifayət qədər zəngin təəssürat yaransın. Yüksək insani keyfiyyətləri, Vətənə bağlılığı da ayrıca bir söhbətin mövzusudur. Professor Bərdəli genetik, uşaq və revmatoloji xəstəliklər mütəxəssisi kimi ayrı-ayrılıqda 3 diplomun sahibidir. Bu diplomları qazanmağın nə qədər cətin bir iş olduğunu söyləməyə ehtiyac yoxdur. Professor, eyni zamanda İtaliyanın Milan Universiteti tərəfindən molekulyar genetika sahəsində verilən alimlik dərəcəsi kimi yüksək adın daşıyıcısıdır.
O, ən yüksək indeksli beynəlxalq jurnallarda 456 nəşrə imza atıb, yüzlərcə beynəlxalq konqres və simpoziumda məruzəçi kimi çıxış edib. Dünya tibb ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri məhz professor Afiq Bərdəliyə məxsusdur. Onun işıq üzü görmüş elmi araşdırmalarına dünya tibb ədəbiyyatında 3 mindən çox istinad qeydə alınıb. Afiq Bərdəli dünyanın 250-dən çox elmi qurumun təsdiqlədiyi genetik layihənin müəllifidir. Tibb elminə töhfələr verən yüzlərlə magistr, doktor yetişdirib.
Professorun əməkdaşlıq etdiyi ölkələrin, elmi mərkəz və universitetlərin siyahısı onun tibb elminin öncül nümayəndəsi olduğunu göstərir: ABŞ, Kanada, Almaniya, Fransa, Hollandiya, İspaniya, Avstrya, Rusiya, Lüksemburq... Üstəlik, İtaliyanın Genova, Milan, Triest, Pisa, Boloniya Universitetleri ilə də elmi əlaqələri var.
Soydaşımızın Egey Universitetindəki laboratoriyası Türkiyədə Avropa Genetik Keyfiyyət Şəbəkəsinin akredetasiyasını almış ilk laboratoriya olub. Nefrotik Sindrom geni dunya tibb ədəbiyyatında “Bərdəli geni” olaraq tanınır. Onun təyin etdiyi türk irqinə məxsus 32 yeni genetik mutasiya dünya genetik reyestrinə qəbul edilib. Eyni zamanda, professor Bərdəli nefrotik sindrom xəstəliyinə səbəb olan gendə 2 yeni mutasiya tapıb və öz soyadı ilə nəşr etdirib. FMF xəstəliyinin 13 müxtəlif genetik variantı dünya səhiyyəsində “Bərdəli” adı ilə qəbul edilmişdir. Ümumiyyətlə, “Bərdəli” adı ilə qeydiyyatdan keçən bu cür nəticələrin sayı onlarcadır. Toplam olaraq, dünya tibb elmində 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikasının tədqiqatları bilavasitə professor Afiq Bərdəlinin adı və elmi fəaliyyəti ilə bağlıdır. Səhiyyə sahəsindəki fəaliyyət və elmi uğurlarına görə professor 30-dan çox müxtəlif adda elmi mükafata layiq görülüb.
O, Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib, vaxtilə təhsil aldığı Tibb Universitetində dəfələrlə görüşlərdə olub, mühazirələr oxuyub. Türkiyədən gətirdiyi peşəkar həkim heyəti ilə Azərbaycanda genetik diaqnozun, müalicənin yeni və ən son üsullarını tətbiq edib. Bir neçə il əvvəl Azərbaycan Mətbuat Şurasında “Tanıyaq – tanıdaq” media layihəsinin ilk qonağı olub.
Vətən müharibəsindəki qələbədən sonra onun və qardaşı İlqarın təşəbbüsü ilə Bərdənin Mustafaağalı, Arabaçılar, Qaradırnaq, Hüseynalılar, Hacılar kəndlərindən olan şəhidlərin xatirəsinə möhtəşəm bulaq-abidə kompleksi yaradılıb və açılış mərasimi keçirilib. Bu barədə söhbətində bildirdi ki, Qarabağın xilası həyatımızın müstəsina bir uğurudur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbəsi həyatımızın yeni səhifəsidir. “Mən müharibə başlayanda çox istədim ki, Azərbaycana gəlim. Amma pandemiya ilə əlaqədar Türkiyə həkimlərin xaricə çıxışını yasaqlamışdı – nə qədər cəhd etsəm də, mümkün olmadı. Sonra dəfələrlə Qarabağa – Şuşaya, Xankəndiyə getdim. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirakımla fərqlənməyə çalışdım. Üzvü olduğum Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri, Bilkənd Universitetinin professoru Əmirulla Məmmədovun seçki çağırışı, həm də səfərbərliyimizə çağırış oldu. Prezident İlham Əliyevə – qətiyyətli liderə, uzaqgörən siyasətçiyə səs verməklə Azərbaycanın işıqlı gələcəyinə səs verdik.
Professor Afiq Bərdəli ingiliscə, italyanca, rusca mükəmməl bilir. Evlidir, 2 övladı var. Oğlu Elyar həkimdir, Türkiyədə çalışır. Qızı Ləman tarixi abidələr üzrə mütəxəssisdir, İtaliyada yaşayır.
Namiq QƏDIMOĞLU
XQ