Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Elmimizdə və qəlbimizdə yaşayan Həmid Araslı” mövzusunda elmi sessiya və anım mərasimi keçirilib.
Məclisi giriş sözü ilə açan muzeyin direktoru Rafael Hüseynov akademik Həmid Araslının ömür yolu və yaradıcılığı barədə ətraflı məlumat verib. O qeyd edib ki, 115 il əvvəl bu gün anadan olmuş görkəmli alim zəngin araşdırmaları ilə ölkəmizdə ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir.
Akademik Rəfael Hüseynov daha sonra bildirib ki, Həmid Araslı SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşıb, şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası da alimin eyni elmi yanaşmasının məhsuludur.
Həmid Araslı bir çox xidmətləri ilə yanaşı, Ədəbiyyat Muzeyinin yaradılmasında da fəal iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, “Koroğlu” dastanı qollarının toplanaraq kitab halına gətirilməsində, “Kitabi-Dədə-Qorqud” kimi təməl kitabların işıq üzünə çıxarılaraq tədqiq edilməsində Həmid müəllimin rolu əvəzsizdir. Repressiyanın baş alıb getdiyi bir dövrdə bir xalq üçün bu qədər mühüm və tarixi dəyərləri ortaya çıxarmaq, təbliğ və nəşr etmək böyük risk tələb edirdi. Hər cür təhdidə, təzyiqə, tənqidə baxmayaraq, Həmid müəllim bu böyük vəzifəni uğurla həyata keçirə bilib.
Professorlar Təhsin Mütəllimov, Tofiq Məlikli, Möhsün Nağısoy, İmamverdi Həmidov, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktorları Laura Orucova və Nüşabə Əlizadə Həmid Araslının Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərindən danışıblar, onun yüksək insani keyfiyyətlərindən söz açıblar.
Sonda akademik Həmid Araslının qızları – professorlar Dürdanə və Nüşabə Araslılar atalarının xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlıq ediblər.
Qabil YUSİFOĞLU
XQ