YAP Veteranlar Şurası soyqırımı qurbanlarını yad edib

post-img

Yeni Azərbaycan Partiyası Veteranlar Şurası partiyanın Nərimanov rayon təş­kilatının qərargahında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Azər­baycan həqiqətləri yeni geosiyasi reallıqlar kontekstində” mövzusundaanım mərasimi keçirib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqə­lik sükutla yad edilib.

Məclisdə YAP Nərimanov rayon təş­kilatının sədri Samir Vəliyev Xocalı fa­ciəsi zamanı dinc əhalinin xüsusi qəd­darlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, ulu öndər Heydər Əliyevin tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırı­mına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və bey­nəlxalq təşkilatların diqqətinə çatdırdığını vurğulayıb: “Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Bu qərardan sonra Xocalı ha­disələri ilə əlaqədar hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunur”.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Xocalı soyqırımının ermə­ni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrin­dən biri olduğunu diqqətə çatdırıb: “Xo­calıda dinc əhalinin qətlə yetirilməsinin Ermənistanın irqi və dini dözümsüzlüyə əsaslanan genişmiqyaslı zorakılıq və il­haq siyasətinin bir hissəsi olduğu vurğu­lanıb.

Ümummilli lider Heydər Əliyevin si­yasi kursunu uğurla davam etdirən Pre­zident İlham Əliyev Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldil­miş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasını xüsusi diqqət mərkə­zində saxlayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbər­liyi ilə “Xocalıya ədalət!” beynəlxalq kam­paniyası çərçivəsində bu soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, obyektiv qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir.

Bakı Dövlət Universitetinin professo­ru, tarix elmləri doktoru Nuru Məmmədov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva ermənilər tərəfindən törədilmiş bu faciə­nin təkcə azərbaycanlılara deyil, həm də bütün bəşəriyyətə qarşı qanlı cinayət ol­duğunu qeyd ediblər. Onlar Xocalı şəhə­rinin ötən il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndiyini qürurla qeyd ediblər. Bildirilib ki, Prezi­dent, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucalt­maqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alın­dığını sübut etdi.

XQ

Son xəbərlər