Bu il Xocalı həsrəti bitəcək

post-img

Azərbaycan Ordusunun ötən ilin sentyabrında keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənib. İşğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhərində də təmir-bərpa işlərinə başlanılıb. Hava şəraitinin soyuq keçməsinə baxmayaraq, gecə saatlarına qədər işlər davam edir. İnşaatçılar arasında xocalılar da var.

Hazırda şəhərdə çox sayda tikinti şirkəti fəaliyyət göstərir və hər şirkətin cavabdeh olduğu məhəllələr də var. Bu şirkətlərdən biri “MİDA” MMC-dir. “MİDA” 8,5 milyon manatlıq müqaviləyə əsasən, Xocalı şəhərində 3,34 hektar ərazidə yer­ləşən 15 çoxmənzilli yaşayış binasının əsaslı təmiri və ərazinin abadlaşdırılma­sı işlərini həyata keçiririr. Digər şirkət isə “Bakı Abadlıq Xidməti” MMC-dir. Firma Xocalı şəhərinin bərpa və yenidən qu­rulmasında yaxından iştirak edir. Bun­dan başqa, qurum Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərinin bərpası­na da cavabdehdir. Adı çəkilən yaşayış məntəqələrinin bərpası və yenidən qu­rulması tədbirlərinə başlamaq məqsədilə şirkətlə 152 milyon 247 min 600 manat məbləğində müqavilə imzalanıb. 

“Bakı Abadlıq Xidməti” MMC-nin me­marı Elnur Abdullayev bildirib ki, hazır­da Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görü­lür. “Fərdi evlərlə yanaşı, şəhərin infrast­rukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalıb. Yabanı bitkilərdən, məişət tullantılarından təmiz­ləmə işləri də davam edir. Tullantıların yığılması üçün 10 hektar sahədə poliqon yaradılacaq. 

Təmir-bərpa işləri ilə yanaşı, Xocalı ətrafındakı meşəlik ərazilər də mina­lardan təmizlənir. Bu da onu göstərir ki, təmir-bərpa işləri daha geniş əraziləri əhatə edəcək. Onların rabitə və internet­lə bağlı heç bir problemləri olmayacaq. Çünki “Azercell Telekom” MMC Xocalıda baza stansiyalarını işə salıb. İndiyədək şəhərdə internet magistral xətti və geniş­zolaqlı internet şəbəkəsinin yaradılması təmin edilib. 

Bu ildən şəhərin bərpa-tikinti qra­fikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək. Xocalılar tamamilə yenilənmiş, zəruri yaşayış şəraitinin ya­radıldığı evlərdə məskunlaşacaqlar.

Beləliklə, vaxtilə soyqırımı və dağıntı­lara məruz qoyulan Xocalının azad olun­ması və dərhal bərpasına başlanılması mənəvi baxımından çox böyük əhəmiy­yət daşıyır. 32 ildən sonra xocalılar doğ­ma şəhərlərində gələcəyə böyük ümid­lərlə öz həyatlarını davam etdirəcəklər. 

Pünhan ƏFƏNDİYEV
XQ

Sosial həyat