Cüdoçularımız ili böyük uğurla başa vururlar

post-img

Azərbaycan cüdoçuları 2023-cü ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr qazanıblar. 

Tatami ustalarımız il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlar­da 237 medala sahib olublar. Bunlardan 74-ü qızıl, 53-ü gümüş, 110-u bürünc mü­kafatlardır.

Bu nailiyyətlərin əldə edilməsində ye­niyetmə cüdoçuların xüsusi payı var. Belə ki, Azərbaycanın yeniyetmələrdən ibarət komandası Avropa Gənclərinin Olimpiya Festivalında, qitə və dünya çempionatın­da və digər mötəbər turnirlərdə yüksək səviyyədə çıxış edərək ən güclü yığma adını qazanıblar. Bu il ərzində komanda 37-si qızıl, 22-si gümüş, 44-ü bürünc ol­maqla 103 medal qazanıb. 

Avropa Gənclər Olimpiya festivalının fərdi yarışlarında 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən cüdoçularımız həm əyarına, həm də medal sayına görə 1-ci yerdə qərarlaşıblar. Bu, qızlar ara­sında mötəbər yarışlarda ədə etdiyimiz ilk nəticə idi. Portuqaliyanın Odivelas şəhərində yeniyetmələrin Avropa çem­pionatının qarışıq komanda yarışlarında cüdoçularımızın qızıl medalı da tarixi nə­ticədir. Millimiz, həmçinin fərdi yarışlar­da 6 qızıl və 3 bürünc medal olmaqla, 9 mükafat qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında bi­rinci, qızlar arasında isə dördüncü yeri tu­tub. Bu millimizin indiyədək iştirak etdiyi Avropa çempionatlarında həm medalla­rın sayına, həm də əyarına görə ən yaxşı nəticədir. Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında komandamız son 10 ildə ilk dəfə qızıl medal əldə etdi. 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümu­milikdə 8 medal qazanan komandamız bu nəticə ilə bütün komandaları qabaqla­yaraq birinci yerdə qərarlaşıb. Mundialın baş mükafatını qazanan Xədicə Qədəşo­va isə cüdo tarixinin ilk qadın dünya çem­pionu kimi tarixə düşüb. 

Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında Vüsal Qələndərzadənin (73 kq) çempion­luğu son 5 ildə gənclərin dünya çempio­natında ilk qızıl medal kimi tarixə düşüb. Qətərin Doha şəhərində dünya çempio­natında kişilər arasında Zelim Kotsoyev (100 kq) bürünc mükafata layiq görülüb. Fransada kişilər arasında Avropa çem­pionatında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) çempion adı­na layiq görülmələri də əldə olunan bö­yük nailiyyətlər sırasındadır. 

Yeniyetmə cüdoçulardan ibarət Azər­baycan millisinin baş məşqçisi Rüstəm Alimli “XQ”yə müsahibəsində bu il yeni­yetmə idmançıların həm Avropa, həm də dünya çempionatında rekord sayda me­dallar qazandığını bildirdi: 

– Zaqrebdə (Xorvatiya) keçirilən dünya çempionatının fərdi yarışlarında komandamız tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal ol­maqla, ümumilikdə 8 medal qazanıb. Portuqaliyada Avropa çempionatında komandamız 5 qızıl 2 bürünc medal qazandı. Azərbaycan cüdo tarixinin 50 ili ərzində belə nəticə olmayıb. Bu yeni­yetmələr gələcəkdə gənclər, daha sonra böyüklərdə yaxşı çıxış edəcəklər. Bəzi yeniyetmə cüdoçularımız, məsələn, Avropa çempionu Sahib Məhəmmədov U-23 Avropa çempionatında bürünc me­dal qazandı. Yeniyetmələrin daha bir Avropa çempionu, 17 yaşlı Ramazan Əhmədov gənclərin qitə çempionatında final uğrunda mübarizə apardı. Gənclər­dən ibarət yığmada təcrübəli məşqçilər Elxan Məmmədovun rəhbərliyi altında çalışırlar. İnanıram ki, bu yeniyetmələr daha da inkişaf edib böyük qələbələr qazanacaqlar. 

Məşqçi növbəti ildə komandadan daha yaxşı nəticələr gözləyir:

– Elə idmançılar var ki, onların hələ 18 yaşları yoxdur və ona görə də, gələn il də yeniyetmələrdə çıxış edəcəklər. On­lardan Avropa çempionu Mirxaliq İsgən­dərov, dünya çempionu Nihad Məmişovu misal göstərmək olar. Növbəti ildə cü­doçularımızdan daha böyük nailiyyətlər gözləyirik. Bunun üçün əsas da var, po­tensial da. 

Leyla QURBANOVA
XQ

İdman