Bu günlərdə İtaliyanın Montesilvano şəhərində müxtəlif yaş qrupları üzrə keçirilən dünya çempionatında təmsilçimiz Ayan Allahverdiyeva 18 yaşadək qızlar arasında qızıl medal qazanmaqla idman tariximizi daha bir nailiyyətlə zənginləşdirib. Azərbaycan şahmat məktəbinin nümayəndəsinin qazandığı bu uğur ölkəmizdə yeni nəsil intellektual zəka sahiblərinin yetişməsinin daha bir bariz nümunəsidir.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov XQ-yə müsahibəsində bu il yeniyetmə və gənc şahmatçıların parlaq qələbələr qazandığını, həmin nailiyyətlərin sistemli hazırlıq nəticəsində əldə edildiyini bildirdi:
– Azərbaycan yarışda müxtəlif yaş qrupları üzrə 11 şahmatçı ilə təmsil olunurdu. Dünya birinciliyində Ayan, hazırkı Avropa çempionu Rüstəm Rüstəmov və digərlərindən medallar gözləyirdik. İndiyədək 3 dəfə Avropa çempionu olan Ayan Allahverdiyeva gözəl oyun nümayiş etdirdi. Şahmatçımız 2022-ci ildə dünya birinciliyində gümüş medal qazanmışdı. Bu il Avropa çempionatında da ikinci yeri tutmuşdu. Yarış gərgin keçdi, çünki turnirdə rəqabət böyük idi. 92 ölkədən 1000-ə yaxın şahmatçının iştirak etdiyi dünya birinciliyində müxtəlif kateqoriyalarda, ümumilikdə, 6 qızıl medal qazanıldı ki, onlardan da birinə Azərbaycan təmsilçisi sahib oldu. Ayan dünya çempionluğunu qazanmaqla Özbəkistanda keçiriləcək qadınlar arasında blits və rapid üzrə dünya çempionatına vəsiqə də əldə edib. Əsas hədəflərdən biri bu yarışda yüksək nəticələr qazanmaqdır.
Fərid Abbasovun sözlərinə görə, komandamızın üzvü Rüstəm Rüstəmov da yaxşı oyunlar nümayiş etdirib və qələbəyə çox yaxın olub. 14 yaşlılar arasında mübarizə aparan şahmatçımız reytinqinə görə 31-ci olsa da, yekun nəticədə 7,5 xalla 11-23-cü sırada qərarlaşıb. Komandamızın digər üzvü Tunar Davıdov da eyni nəticə göstərib. Əsas isə odur ki, yeniyetmə şahmatçılarımız bir daha güclü potensial ortaya qoydular.
Ayan Allahverdiyeva indiyədək karyerasının ən böyük nailiyyətini qazandığını bildirdi:
– Bu qələbə ilə şahmat karyeramın yeni mərhələsi başlayır. Əminəm ki, daha böyük uğurlara çatacağam. Çox sevinirəm ki, axır ki, dünya çempionluğunu qazana bildim. Yaşıdlarım arasında dünyanın güclü şahmatçısı olmaq ən böyük arzularımdan biri idi. Qələbəyə hər zaman yaxın olsam da, potensialımdan tam istifadə edə bilmirdim. Ötən il dünya çempionatında ikinci yerə çıxmışdım. Ümumiyyətlə, bu yarışa qədər həmişə çempionluğa yaxın olmuşam. Yeniyetmələr arasında son yarışımda fəxri kürsünün ən yüksək pilləsinə ucalmaqla, nəhayət, istəyimə nail oldum.
11 turdan 3-də heç-heçə edən, qalanını qələbə ilə başa vuran A.Allahverdiyeva bəzi rəqiblərlə oyunların gərgin keçdiyini dedi. Bildirdi ki, Qazaxıstan, Ukrayna, Rusiya, Amerika şahmatçıları güclü oyun nümayiş etdiriblər. Şahmatçımız növbəti hədəfin qadınlar arasında blits və rapid üzrə dünya çempionatında medal qazanmaq olduğunu vurğuladı.
Ayan Allahverdiyevanı qarşıda daha nüfuzlu yarışlar gözləyir. Son illər yeniyetmə və gənc şahmatçılarımız Avropa və dünya birinciliklərində nəticələri ilə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Elə bu il gənc şahmatçılarımız Gövhər Beydullayeva və Məhəmməd Muradlı 20 yaşadək şahmatçılar arasında qızıl dubl ediblər. Heyətində Gövhər Beydullayevanın da yer aldığı qadın millimiz tarixində ilk dəfə gümüş medal qazanıb. Bu nailiyyətlər daha böyük qələbələrdən soraq verir.
L.QURBANOVA
XQ