Qadın zorakılığına son!
Təhsildən, maddi təminatdan asılı olmayaraq qadınlara qarşı zorakılıq halları dünyanın hər yerində geniş yayılıb. Bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı noyabrın 25-ni rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT-nin tövsiyəsi ilə hər il noyabrın 25-dən dekabrın 10-dək – 2 həftə ərzində qadınlara qarşı zorakılıq halları ilə bağlı, demək olar ki, dünyanın hər yerində tədbirlər təşkil edilir, maarifləndirmə işləri aparılır.
Qlobal hesab olunan bu problemin aradan qaldırılması üçün mental dəyərlər, adət və ənənələr, eləcə də min illər ərzində qəlibləşmiş düşüncələrdə müsbət dəyişiklik olmalıdır.
Bəs Azərbaycanda vəziyyət necədir? Ümumiyyətlə, Şərq təfəkkürünə görə oğul düşmən çəpəri hesab olunub, bir çox hallarda qıza ailədə ikinci dərəcəli övlad kimi baxılıb. Yurda, ocağa sahib çıxmaq baxımından da ailədə oğlan uşağı arzulanıb. Xalqımız üçün də ənənəvi olan bu düşüncələr, təəssüf ki, yeni nəslə ötürülür.
Adını müəyyən səbəblərdən çəkmək istəmədiyim tanışlarımdan birinin kədərli həyat hekayəsi bugünümüzün acı reallığıdır:
– 6 qızım var. O vaxtlar uşağın cinsini müəyyən etmək o qədər də rahat deyildi, özü də kənd yerində. Qızlarım dünyaya gəldikcə o qədər sıxıntı keçirirdim ki... hazırda qızım məndən də dəhşətli əzab və işgəncə içindədir. İlk hamiləliyində övladının qız olduğunu bilən qaynanası və həyat yoldaşının təkidi ilə uşağı doğulmadan məhv etdilər. Ən dəhşətlisi də budur ki, sonradan qızımın ana olmayacağını dedilər.
Bu söhbətin üstündən təxminən 7 il keçir, amma o xanım hələ də ana ola bilməyib. Bəlkə də, heç vaxt olmayacaq. Bugünümüzdə, ilk qız övladının belə narazılıqlara, hətta boşanmaya səbəb olması hallarına hələ də rast gəlirik. Buna görə, qadının həyat yoldaşı və onun valideynləri tərəfindən faktiki qətl hadisəsi olan selektiv aborta məcbur edilməsi ilə bağlı müdhiş faktlar var. Azərbaycan artıq uşaqların cins seçiminə görə dünyada birinci yerdədir. Bu hal cəmiyyətimizdə böyük narahatlıq doğurub.
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova XQ-yə müsahibəsində bildirdi ki, qadın zorakılığına qarşı mübarizə cəmiyyəti düşündürən ən həssas mövzulardandır:
–Təəssüf ki, bu sahədə görülən işlər istədiyimiz səmərəni vermir. Təbii ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Bu mübarizəni hər qadın, ana əvvəlcə öz ailəsində aparmalıdır. Qızlarımız cəmiyyətə nümunə kimi böyüdükcə, kökləri çox dərinə gedən bu problemin həllinə nail ola bilərik. Bu günlər qurum olaraq biz də bir çox tədbirlər keçiririk ki, onların hər birində daha çox qadın və qızların iştirakına nail oluruq. Biz nəinki bu 2 həftə ərzində, əslində, il boyu tədbirlərdə maarifləndirmə işləri aparırıq. Keçirdiyimiz tədbirlərdə təhlükə anında insanların müraciət edə biləcəkləri müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələrini nəzərə çatdırır, eyni zamanda, televiziya, KİV-lər vasitəsilə cəmiyyətə çağırışlar edirik.
Bahar xanım sonra dedi:
–Bu il həyat yoldaşları tərəfindən fiziki, həmçinin psixoloji zorakılığa məruz qalmış qadınların ailələrindən kəkələməyə görə 40, qorxu, özünə qapanma, həyəcana (mutizm) görə 60-dan çox uşaq təmənnasız müalicə alıb. 50-dən çox ana və uşaq isə psixostom xəstəliyindən əziyyət çəkdiyi üçün onlara yardım göstərilib. Son 3 il ərzində Sumqayıtda Reabilitasiya Mərkəzində 150-dən çox insan müalicə alıb. Bu işlərin görülməsində qurumun rəhbər və idarə heyətinin üzvlərindən Şəfiqə Nağıyeva, Ətrabə Gül, Vəfa Abbasova, İradə Hacıyeva, Məlahət Qəhrəmanova, Esmira Qafarova, Zenfira Mustafayeva və başqaları böyük kömək göstərirlər.
Bahar Qasımova narkomaniya və digər zərərli vərdişlər olan yerlərdə məişət zorakılığı hallarına daha çox rast gəlindiyini vurğuladı. O qeyd etdi ki, bu ilin sentyabrında Masallı, İsmayıllı və Abşeronda narkomaniya, məişət zorakılığı halları ilə bağlı geniş tədbirlər təşkil edilib. Bakının 41 məktəbində erkən nikah və boşanmalarla bağlı keçirilən maarifləndirici tədbirlər böyük marağa səbəb olub.
Qadına qarşı zorakılıqlar bir çox hallarda boşanmaya gətirib çıxarır ki, bu da tək ailənin yox, həm də cəmiyyətin faciəsidir.
İctimai Birliyinin sədri boşanmalarda bəzən qadınların da günahının olduğunu söylədi:
–Keçən ilə nisbətən boşanmaların sayı 2 dəfə çoxalıb. Son vaxtlar cənub və şimal zonasında, o cümlədən Quba və Qusarda boşanma ilə bağlı müraciətlər artıb. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, qadınlar, əsasən 27-28 yaşlarında, kişilər isə 55-60 yaşlarında boşanma üçün müraciət edirlər. Alimentlərin uşaqlara verilməsi məsələsində boşluqlar var. Bəzi problemli ailələrdə qadınlar zəiflik göstərir, çatışmazlıqları aradan qaldırmaq əvəzinə boşanmağa üstünlük verirlər. Düşünürlər ki, boşanacaqları təqdirdə, hər uşağa 220 manat aliment ala bilərlər. Elə kişilər də var ki, alimentə görə uşaqları özlərində saxlamaq istəyirlər.
Bahar Qasımovanın sözlərinə onu da əlavə etmək istəyirik ki, məhz qadınların zəifliyi, həm onların özlərinin, həm də azyaşlı övladlarının zorakılığa məruz qalmasına səbəb olur. Qanunla qadağan olunan erkən nikah halları da qadına qarşı zorakılığın açıq təzahürüdür. 15-17 yaşlı gənc anaların dünyaya gətirdikləri uşaqların sayı 2019-cu ildə 2320, 2021-ci ildə 1650 olubsa, ötən il bu rəqəm 2011-ə yüksəlib. Erkən nikaha məcbur edilən gənc qızlar bəzən intihardan başqa yol tapa bilmirlər.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, son dövrdə ali təhsil almaq üçün müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Ümid edək ki, məhz təhsilin üstünlüklərindən istifadə etməklə həyatdakı yerini və rolunu yaxşı dərk edəcək qızlarımızın sayı çoxaldıqca böyük bəlalara səbəb olan bu problem də aradan qalxacaq. Bunun üçün də qadınlarımız güclü olmağı bacarmalıdırlar.
Leyla QURBANOVA
XQ