İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

post-img

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən XQ-yə bildirilib ki, 57 kiloqram çəki dərəcəsində Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. Səkkizdəbir final çərçivəsində baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bəbirov rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, dörddəbir finalda irlandiyalı Pears Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.

Cəlal Qurbanov (63,5 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. O, onaltıdabir finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və bir mərhələni adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.

Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 boksçusu mübarizəyə qoşulacaq.

 

Elçin ABBASOV

XQ

İdman