Ser Bobbi Çarlton 86 yaşında dünyasını dəyişib
Yerli media portalları yazır ki, 2020-ci ildə demensiya (yaddaşın, düşüncənin, fəaliyyət qabiliyyətinin pozulması) diaqnozu qoyulmuş dahi futbolçu dünyadan rahat və ağrısız köçüb.
Azarkeşlərin fəxr və sevgi ilə “İngiltərə futbolunun Pelesi” adlandırdığı, 1966-cı ildə yığma komandanın tərkibində dünya çempionluğunu qazanmış Bobbi Çarlton 17 il “Mançester Yunayted” klubunun formasını geyinib. O, İngiltərə yığmasında keçirdiyi 106 oyunda 49 qol vurub.
“Mançester Yunayted”in stadionunda klubun tarixində ən məşhur futbolçuların – “müqəddəs üçlüy”ün (Bobbi Çarlton, Denis Lou və Corc Best) əksi olan banerin aşağısında bu sözlər yazılıb: “Nümunəvi və vicdanlı davranışına görə ona hamı rəğbət bəsləyirdi. Ser Bobbini həmişə futbol nəhəngi kimi xatlırlayacağıq”.
Yeri gəlmişkən, 1958-ci ildə Belqraddan Münhenə uçan, göyərtəsində “Mançester Yunayted” klubunun futbolçularının və rəhbər heyətin olduğu təyyarənin hava limanında qəzaya uğraması nəticəsində 44 sərnişindən 23-ü həlak olmuşdu. 21 yaşlı Bobbi həmin qəzadan yüngül xəsarətlə qurtulmuşdu.
İ.HƏSƏNQALA
XQ

