Əlcəzairdə keçirilən “Algeria International 2023” beynəlxalq turnirində badmintonçumuz Edi Reski Dviçayo qızıl medala sahib olub.
Yarışa əsas mərhələdən başlayan idmançı ilk görüşdə yerli badmintonçu Daoud Aimeni, növbəti qarşılaşmada polşalı Dominik Kvintanı, 1/4 finalda Fransa idmançısı Yanis Qaudini, yarımfinalda isə italiyalı Kristofer Vittorianı məğlub edərək finala yüksəlib.
Həlledici mərhələdə Fransanın digər idmançısı Saça Leveque ilə görüşdə ilk seti 15:21 hesabı ilə geridə bitirsə də, digər iki setdə (21:13,21:18) rəqibindən üstün oyun nümayiş etdirərək turnirin qalibi olub. Bununla da o, Paris Olimpiadasına lisenziya xalları verən yarışda aktivinə 2500 reytinq xalı yazdırıb.
Qadın idmançımız Keişa Fatimə Zəhra da yarışda mükafatçılar sırasında yer alıb. İdmançımız ilk görüşlərdə Əlcəzair, Fransa və İtaliyanı təmsil edən badmintonçuları məğlub etsə də, final uğrunda qarşılaşmada fransalı Rosi Oktaviaya uduzaraq bürünc medalla kifayətlənib. Badmintonçu 3-cü yeri tutmaqla yanaşı, hesabına 1750 reytinq xalı da yazdırıb.
Leyla SABİRQIZI
XQ

