“Qarabağ” Avropa futbolunda inamla irəliləyir

post-img

Azərbaycan futbolunu ölkə və qitəmiqyaslı turnirlərdə layiqincə təmsil edən Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında uğurlu çıxışını davam etdirir. Azarkeşlərin “Qafqazın Barselonası” adlandırdıqları “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ilk iki turunda Norveçin “Molde” və İsveçin “Hekken” klublarını eyni hesabla (1:0) məğlub etməsi Azərbaycan futbolunun sevindirici uğurudur.

Bu qələbələr UEFA Avropa Liqasında “H” qrupunda çıxış edən Ağdam təm­silçisinin turnirin “pley-off” mərhələsinə çıxması üçün böyük şans yaradıb. İki görüşdən sonra 6 xalı olan “köhlən atlar” yalnız vurulan topların fərqinə görə Al­maniyanın Leverkuzen şəhərinin “Bayer 04” komandasından geri qalırlar. III və IV turlarda “Bayer 04”lə münasibətlərə aydınlıq gətirmək lazım gələcək. Əgər “Qarabağ” Bundesliqa təmsilçisi ilə iki görüşdən birində qələbə əldə edərsə, bu, artıq Ağdam təmsilçisinin qrup ikinci­si kimi “pley-off”a gedən yolda şanslarını daha da artırmış olacaq. Bu inamı yara­dan iki rəqib komandanın keçirdikləri ilk matçlarda məğlub olmalarıdır.

Qeyd edək ki, sərgilədiyi oyunla hər zaman qitəmiqyaslı turnirlərdə rəqiblərin­dən geri qalmadığını, bəzən isə onlardan hətta üstün olduğunu ortaya qoyan “köh­lən atlar” oktyabrın 26-da səfərdə “Bayer 04”lə qarşılaşacaqlar. Bundan iki həftə sonra isə Ağdam təmsilçisi rəqibini doğ­ma divarlar arasında sınağa çəkəcək. 

UEFA Avropa Liqasında tarix yazma­ğa davam edən təmsilçimiz “Bayer 04”lə münasibətlərə aydınlıq gətirdikdən sonra isə turnir çərçivəsində növbəti matçını noyabrın 30-da keçirəcək. Həmin görüş V tura təsadüf edir. Belə ki, noyabrın 30-da Azərbaycan çempionu “Molde”nin qo­nağı olacaq. İndidən deyə bilərik ki, “Qa­rabağ”ın son zamanlar nümayiş etdirdiyi inamlı oyunlar ağdamlıların həmin səfər matçından da alnıaçıq, üzüağ dönəcək­lərini deməyə əsas verir. 

Əlavə edək ki, “Qarabağ” dekabrın 14-də keçiriləcək sonuncu turda Bakıda “Hekken”lə haqq-hesab çəkəcək. Bəri başdan deyə bilərik ki, səfərdə “Hekken” üzərində minimal hesabla (1:0) qələbə qazanan “köhlən atlar”ın Bakıda baş məşqçi Qurban Qurbanovun tapşırığını layiqincə yerinə yetirəcəklərinə ümidlər böyükdür. Gözləntilərə görə, bu qarşı­laşmalarda əldə ediləcək nəticələr “Qa­rabağ”ın ən azından qrup mərhələsini ikinci pillədə başa vuracağına təminat verir. Ancaq ağdamlıların elə qrup lideri kimi də bu mərhələni başa vurmaq şans­ları böyükdür. Bunu qarşıdakı oyunlar göstərəcək.

Xatırladaq ki, bu il biz Ağdam təmsil­çisinin ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində mübarizə apardığının şahidi oluruq. Bunun biri UEFA Çempion­lar Liqasına, digərləri isə Avropa Liqası yarışlarına təsadüf edir. Dünyanın ən şöhrətli futbol komanları sayılan “Çel­si” (London), “Roma” (Roma), “Atletiko” (Madrid) kimi komandaları 2017-2018-ci illər mövsümündə ölkəmizə gətirən “Qa­rabağ”ın beynəlxalq yarışlardakı təcrübə­si bu gün eyni sırada qərarlaşdığı rəqib­lərindən üstündür. Düzdür, həmin vaxt “Qarabağ” 4 oyunda uduzmaqla qrupu 4-cü pillədə başa vurmuşdu. Lakin “Atle­tiko” kimi rəqiblə hər iki görüşdə qeydə alınan heç-heçə indiyədək azarkeşlərin xatirindədir.

Şübhəsiz, “Qarabağ” “H” qrupunda hazırda ən güclü və təcrübəli rəqib sa­yılan və qrupun lideri olan “Bayer 04”-lə görüşlərdə də özünü yaxşı tərəfdən göstərəcək. Qurban Qurbanovun yetir­mələrini qrup üçüncülüyü belə qane edir. Belə ki, komandanın nəticələri yuxarıda qeyd etdiklərimiz kimi deyil, əksinə olar­sa, qrupda üçüncü yerdə qərarlaşmaq “Qarabağ” üçün mübarizəni UEFA Konf­rans Liqasında davam etdirmək hüququ­nu təmin edəcək. Lakin sadaladığımız ehtimallar özünü doğrultsa, “Qarabağ” tarixində üçüncü dəfə qitəmiqyaslı tur­nirlərin “pley-off” mərhələsində mübarizə aparacaq.

Elçin ABBASOV
XQ

İdman