“Qarabağ” klubu “pley-off”da mübarizə aparmağa çox yaxındır

post-img

Azərbaycan futbolunu ölkə və qitəmiqyaslı turnirlərdə layiqincə təmsil edən Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında uğurlu çıxışını davam etdirir. Belə ki, azarkeşlər tərəfindən “Qafqazın Barselonası” adlandırılan “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ilk iki turunda Norveçin “Molde” və İsveçin “Hekken” klublarını eyni hesabla (1:0) məğlub etməsi Azərbaycan futbolunun tarixində yeni bir səhifədir.

Bu qələbələr UEFA Avropa Liqasında “H” qrupunda çıxış edən Ağdam təmsilçisinin turnirin “pley-off” mərhələsinə çıxması üçün böyük şans yaradıb. Yəni ki, iki görüşdən sonra aktivində 6 xalı olan “köhlən atlar” yalnız vurulan topların fərqinə görə Almaniyanın Leverkuzen şəhərinin “Bayer 04” komandasından geri qalırlar. 

İndi qalır qarşıdakı III və IV turlarda “Bayer 04”-lə münasibətlərə aydınlıq gətirmək. Əgər “Qarabağ”  Bundesliqa təmsilçisi ilə iki görüşdən birində qələbə əldə edərsə, bu, artıq Ağdam təmsilçisinin qrup ikincisi kimi “pley-of”a gedən yolda şanslarını daha da artırmış olacaq. Bunu deməyə digər iki rəqib komandanın keçirdikləri ilk matçlarda məğlub olmaları əsas verir.

Qeyd edək ki, sərgilədiyi oyunla hər zaman qitəmiqyaslı turnirlərdə rəqiblərindən geri qalmadığını, bəzən isə onlardan hətta üstün olduğunu ortaya qoyan “köhlən atlar” oktyabrın 26-da səfərdə “Bayer 04”-lə qarşılaşacaqlar. Bundan iki həftə sonra isə Ağdam təmsilçisi rəqibini doğma divarlar arasında sınağa çəkəcək. 

UEFA Avropa Liqasında tarix yazmağa davam edən təmsilçimiz “Barer 04”-lə münasibətlərə münasibətlərə aydınlıq gətirdikdən sonra isə turnir çərçivəsində növbəti matçını noyabrın 30-da keçirəcək. Həmin görüş V tura təsadüf edir. Belə ki, noyabrın 30-da Azərbaycan çempionu “Molde”nin qonağı olacaq. İndidən deyə bilərik ki, “Qarabağ”ın son zamanlar nümayiş etdirdiyi inamlı oyunlar ağdamlıların həmin səfər matçından da alnı açıq, üzü ağ dönmələrini deməyə əsas verir. 

Onu da əlavə edək ki, “Qarabağ” dekabrın 14-də, yəni, sonuncu turda Bakıda “Hekken”i sınağa çəkəcək. Bəri başdan deyə bilərik ki, səfərdə “Hekken” üzərində minimal hesabla (1:0)  qələbə qazanan “köhlən atlar”ın Bakıda baş məşqçi Qurban Qurbanovun tapşırığını layiqincə yerinə yetirəcəklərinə ümidlər böyükdür.

Qənaətimizə görə, bu qarşılaşmalarda əldə ediləcək nəticələr “Qarabağ”ın ən azından qrup mərhələsini ikinci pillədə başa vuracağına təminat verir. Ancaq ağdamlıların elə qrup lideri kimi də qrup mərhələsini başa vurmaq şansları böyükdür. Bunu isə zaman və qarşıdakı oyunlar göstərəcək.

Belə həssas dönəmdə, xüsusi olaraq qeyd etmək istərdik ki, bu il biz Ağdam təmsilçisinin ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində mübarizə apardığının şahidi oluruq. Bunun biri UEFA Çempionlar Liqasına, digərləri isə Avropa Liqası yarışlarına təsadüf edir.

Dünyanın ən şöhrətli futbol komanları sayılan “Çelsi” (London- İngiltərə), “Roma” (Roma-İtaliya), “Atletiko” (Madrid-İspaniya) kimi komandaları hələ bir neçə il öncə 2017-2018-ci illər mövsümündə ölkəmizə gətirən “Qarabağ”ın beynəlxalq yarışlardakı təcrübəsi bu gün eyni sırada qərarlaşdığı rəqiblərindən dəfələrlə üstündür.

Düzdür, həmin vaxt “Qarabağ” qrupda mübarizə apararkən dörd oyunda uduzmaqla qrupu 4-cü pillədə başa vurmuşdu. Lakin “Atletiko” kimi rəqiblə hər iki görüşdə qeydə alınan heç-heçə indiyədək azarkeşlərin xatirində xoş təəssüratlarla canlanır.

Yəni, “Qarabağ” “H” qrupunda hazırd ən güclü və təcrübəli rəqib sayılan və qrupun lideri olan  “Bayer 04”-lə görüşlərdə də özünü yaxşı tərəfdən göstərəcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Qurban Qurbanovun yetirmələrini qrup üçüncülüyü belə qane edir. Belə ki, komandanın nəticələri yuxarıda qeyd etdiklərimiz kimi deyil, əksinə olarsa, qrupda üçüncü yerdə qərarlaşmaq “Qarabağ” üçün  mübarizəni UEFA Konfrans Liqasında davam etdirmək hüququnu təmin edəcək. Lakin sadaladığımız ehtimallar özünü doğrultsa, “Qarabağ” tarixində üçüncü dəfə qitəmiqyaslı turnirlərin “pley-off” mərhələsində mübarizə aparacaq.

Elçin ABBASOV

XQ

İdman