Parataekvondoçumuz dünya çempionu olub

post-img

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub. 70 kq çəkidə qüvvəsini sınayan idmançı bu uğura Meksikanın Verakrus ştatında keçirilən mundialda imza atıb. 

"XQ" Azərbaycan Milli Paralimpiya Komitəsinə isyinadən xəbər verir ki, onaltıdabir finaldan azad olan Xəlilov ilk döyüşündə ispaniyalı parataekvondoçu ilə üz-üzə gəlib. Həmyerlimiz dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb – 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə döyüşüb. Gərgin keçən görüşdə yığma üzvü 12:9 hesabı ilə qələbə qazanıb. 

Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov bu dəfə 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib və Meksikada Azərbaycan himnini səsləndirib. Bununla da, İmaməddin iştirak etdiyi 6 yarışda 6-cı mükafatını qazanıb. Niderlandda Avropa Paralimpiya Oyunlarında, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışında, Meksikada Qran-pridə birinci yeri tutan parataekvondoçu Fransada açıq Avropa çempionatında ikinci, Parisdə Qran-pridə üçüncü olub. 

Dünya çempionatındakı uğur parataekvondonun Yay Olimpiya Oyunlarına daxil edilməsindən sonra ilk qızıl medal kimi tarixə düşüb. 

Qeyd edək ki, çempionat sentyabrın 24-də yekunlaşacaq. Mundialın son günündə Əbülfəz Abuzərli (80 kq, K-44) mübarizəyə qoşulacaq.

Elçin ABBASOV
XQ

İdman