Vüqar Kərəmov: Kəmər ən azı bir il məndə qalacaq

post-img

Rəqiblərim həmişə güclü olub. Suzuki Çihiro da sıradan bir rəqibdir. O, kəməri ancaq yuxuda görə bilər. “Rizin” təşkilatı ölkəmizə xoş gəlib. Kəməri icarəyə götürməmişəm. Doğma divarlar arasında gücümü sübut edəcəyəm. Kəmər ən azı bir il məndə qalacaq. 

XQ xəbər verir ki, bunu Azərbaycan döyüşçüsü Vüqar Kərəmov noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında bildirib. 

Kərəmovun rəqibi Suzuki Çihiro da çempionluğa iddialı olduğunu deyib: “Elə indi burada döyüşüb qalib gələ bilərəm. O gücü özümdə hiss edirəm. Buraya çempion olmaq üçün gəlmişəm. Çox hazırlıqlıyam”. 

Azərbaycan döyüşçüsü Tofiq Musayev isə bildirib ki, öz döyüşləri ilə gənclərə örnək olmaq istəyirlər: “Rizin”də 2019-cu ildə çempion olduqdan sonra “Bellattor”da mübarizə aparıram. Həmişə güclü rəqiblərlə mübarizə aparmışam. Düşünürəm ki, karyeramı elə “Rizin”də də başa vuracağam. Maraqlı qarşılaşmalar üçün əlimizdən gələni edəcəyik”.

Digər təmsilçilərmiz Tural Rəhimov, Mehman Məmmədov və Nəriman Abbasov doğma azarkeşlər qarşısında çıxış etməkdən fəxarət hissi duyduqlarını bildiriblər. Onlar Azərbaycandakı turnirdə maraqlı qarşılaşmaların keçiriləcəyinə və yarışın yüksək səviyyədə təşkil olunacağına əmin olduqlarını dilə gətiriblər. 

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə idmançılarımız Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalilov, Mehman Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə üz-üzə gələcəklər. 

İdman