Dünya şahmatının ən güclülərinin bir araya gəldiyi Bakıda Dünya kuboku yarışında zəka ustalarının uğurlu gedişləri onları finala bir az da yaxınlaşdırır.
Sevindirici haldır ki, kişilərin yarışında dörddəbir finala vəsiqə əldə etmiş 1 norveçli, 2 amerikalı və 4 hindistanlı arasında 100 minləri heyran edən Azərbaycan şahmat məktəbinin yetirməsi Nicat Abasov da var. İndiyədək ən çətin maneələri aşmağa nail olan şahmatçımızın bu mərhələdə mübarizə aparması onun karyerasında yeni inamlı səhifədir.
Bu mərhələdə artıq zəif və güclü anlayışı yoxdur. Çünki hazırda məhz nümayiş etdirdikləri oyunlarla bir-birinin ardınca rəqiblərini məğlub etmiş ən güclü səkkizlik diqqət mərkəzindədir. Dörddəbir finalda amerikalı və hindistanlının duelləri olduqca maraqlı keçəcək. Hindistanın hər 4 şahmatçısı, xüsusilə R. Praqqnanandhaa indiyə qədər güclü oyun nümayiş etdirir. Hindistanın digər təmsilçisi, Nicat Abasovun rəqibi Santoş Vidit həmyerlilərinə nisbətən daha təcrübəlidir. İnanılmaz dərəcədə səbirli olan bu oyunçu 2 dəfə dünya çempionatının finalında oynamış Yan Nepomnyaşi üzərində qələbə qazanmaqla dörddəbir finala yüksəlib. Bundan əvvəlki analoji yarışda azərbaycanlı qrossmeyster Vasif Durarbəylini məğlub edərək dörddəbir finala qədər irəliləsə də, polşalı Yan Kşiştov Dudaya uduzmuşdu. Amma rəqibi üzərində qələbə qazanmaq üçün N.Abasov bütün imkanlarını səfərbər etməlidir.
Şahmatçımız bundan əvvəl daha güclü zəka göstərərək turnirin favoritlərindən biri, 2 min 775 reytinqli Aniş Girini mübarizədən kənarlaşdıra bilib. Sonrakı görüşdə o, dünyanın ən titullu şahmatçılarından biri Pyotr Svidleri də böyük ustalıqla məğlub edib. Rusiyalı idmançı bu turnirlərin ən təcrübəli iştirakçısı, 2011-ci ildə Dünya kubokunun qalibi, 2015-ci ildə finalçısı, 2002-ci ildə yarımfinalçısı olub. 3 dəfə iddiaçılar turnirində iştirak edib, 2005 və 2013-cü illərdə isə 3-cü yerə çıxıb.
Rəqibi üzərində qazandığı qələbədən sonra turnirin rəsmi saytına açıqlamasında təəssüratını bölüşən şahmatçımız avrokuboklarda “Qarabağ” və “Sabah”ın qələbələrinin ona ruh yüksəkliyi verdiyini bildirib: “Ötən gün ikinci klassik partiyamız bir qədər tez başa çatdı. Axşam vaxt taparaq stadiona getdim. “Qarabağ”–HİK görüşündə Azərbaycan çempionuna dəstək oldum. İkinci hissənin ilk dəqiqələrində hətta azarkeşlərə qoşularaq komandanı irəli səslədim. Ona görə səhər səsimin tutulduğunu hiss etdim. “Qarabağ” və “Sabah”ın avrokuboklardakı qələbələri mənə ruh yüksəkliyi verdi”.
Əlbəttə, idmanımızın zəfər sorağı hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Bu gün Dünya kubokunun davam edən gərgin və maraqlı oyunlarını azərbaycanlılar həyəcanla izləyirlər. Azarkeşlərimiz Dünya kuboku yarışında Nicat Abasovun növbəti qələbəsini böyük ümidlə gözləyirlər.
Beləliklə, 17 gündür ki, davam edən zəka marafonunun bu mərhələsində mübarizəsini davam etdirən Nicat Abasov dünən Santoş Viditlə ilk oyunda heç-heçə edib.
Bu gün isə şahmatçılar cavab görüşlərində iştirak edəcəklər.
L.SABİRQIZI, “Xalq qəzeti”

