Azərbaycan komandasının fəal iştirak etdiyi daha bir multiidman tədbiri tarixin yaddaşına köçdü. Belarusun 10 şəhərində keçirilən yarışda, 23 ölkədən 20 idman növü üzrə 246 mükafat dəsti uğrunda 2 minə yaxın atlet mübarizə aparırdı.
Komandamız Oyunlarda 16 idman növündə 177 atletlə təmsil olundu. Yığmamızın üzvləri ölkəmizi layiqincə təmsil etmək üçün ciddi idman mübarizəsi apardılar. Komandamız əldə etdiyi 62 medalla iştirakçı ölkələr sırasında 4-cü oldu.
Mükafatların əsas hissəsi döyüş idman növləri – güləş, karate, boks, cüdo, muaytay, sambo üzrə qazanılıb. Amma atıcımız Leyli Əliyeva və ağırlıqqaldıran Dadaş Dadaşbəylinin də qızıl medallarını, bədii gimnastika üzrə isə gənclərdən ibarət komandamızın çoxnövçülük, həmçinin 5 top, 5 iplə hərəkətlərin icrasında bürünc medallarını da unutmamalıyıq. Təəssüf ki, mini futbol, çimərlik futbolu, eyni zamanda, atletika, kamandan oxatma, üzgüçülükdə medallarımız olmadı.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov jurnalistlərlə açıqlamasında yarışın nəticələrinin, ümumilikdə, yaxşı olduğunu bildirib. O qeyd edib ki, iki il əvvəl Rusiyanın Kazan şəhərində keçirilmiş ilk MDB Oyunlarında Azərbaycan 60 medal əldə etmişdisə, budəfəki yarışda 62 medal qazanıldı. Həmin vaxt yarışı medalların əyarına görə 4-cü, sayına görə isə 5-ci sırada başa vurmuşduq. II MDB Oyunlarında isə komandamız həm medalların əyarı, həm də sayına görə 4-cü sırada qərarlaşdı. Yığmamız əvvəlki yarışla müqayisədə daha yaxşı nəticə göstərdi.
E.Məmmədov 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında komandamızın ən yaxşı nəticə göstərməsi üçün lazımi işlərin görüləcəyini söyləyib. Onun sözlərinə görə, federasiyalarla birgə ümumi təhlil aparılacaq, uğurlarla yanaşı, hansı idman növündə uğur olmayıbsa onun da səbəbləri araşdırılacaq.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Oyunlarda 22 karateçidən ibarət heyətin iştirak etdiyini vurğulayıb: “Komandamızın heyətində 22 idmançı mübarizə aparırdı ki, onlardan da 11-i medal qazandı. Bu, o deməkdir ki, hər iki idmançıdan biri mükafat əldə etdi. Bundan əvvəlki analoji oyunlarda 1 qızıl medal qazanmışdıqsa, bu dəfə 3 idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Azərbaycan idman ölkəsidir. Biz bunu çıxışımızla bir daha sübut etdik”.
Kişilərdən ibarət karate üzrə milli komandamızın baş məşqçisi Qurban Tağıyev oyunlarda yığmanın çox yaxşı çıxış etdiyini bildirib: “Yarış yüksək səviyyədə təşkil olunmuşdu. İdmançıların öz potensiallarından istifadə etmələri üçün hər bir şərait yaradılmışdı. Komandamız onlara bəslənilən ümidləri doğrultdu. Sevinirik ki, ölkəmizi bu nüfuzlu yarışda layiqincə təmsil edə bildik”.
Yarışda qızıl medal qazanmış karateçi Abbas Dadaşov (84 kq) deyib ki, Kazanda keçirilən I MDB Oyunlarında bürünc medala sahib olmuşdusa, bu dəfə qalib adını qazanıb: “Belə yarışlarda asan rəqib olmur. Hamımız turnirə maksimum səviyyədə hazırlaşmışdıq. Kazan Oyunlarında bürünc medal qazanmışdım. Hədəf qızıl medal idi. Sevinirəm ki, qarşıya qoyduğum məqsədə çatdım”.
Komandamızın digər üzvü, gümüş mükafatçı Fidan Teymurova finalda taktiki səhvlə uduzduğunu deyib: “Qızıl medal ala bilərdim. Qarşıdakı yarışlara daha yaxşı hazırlaşacağam”.
Muaytay üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Həsənsoy yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirsə də, hakimlikdən razı qalmadığını deyib. O qeyd edib ki, idmançılardan qızıl medal gözləyiblər: “Komandamız yarışa yaxşı hazırlaşmışdı. Vətənə bir neçə qızıl medalla dönəcəyimizi düşünürdük. Təəssüf ki, hakimlərin kobud səhvi nəticəsində qızıl medal qazana bilmədik. Amma buna baxmayaraq nəticə yüksəkdir. 11 idmançımızdan 9-u medal qazanıb”.
Oyunların bürünc medal qazanmış samboçusu Rəsul Aydəmirov (98 kq) qızıl medal üçün təcrübəsinin çatmadığını bildirib: “Böyüklər arasında ilk yarışım idi. Bundan əvvəl gənclərin yarışlarında iştirak etmişəm. Bu yarış mənim üçün böyük təcrübə oldu. Qarşıda dünya çempionatı gəlir. Çalışacağam ki, həmin yarışa daha yaxşı hazırlaşım və qalib adını qazanım”.
Beləliklə, daha bir önəmli yarışda 10 qızıl, 17 gümüş, 35 bürünc medal qazanan komandamız öz gücünü bir daha sübut etdi. Bu yarışın ölkəmiz üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, növbəti oyunlara məhz Azərbaycan ev sahibliyi edəcək. Belə ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə keçiriləcək.
Leyla QURBANOVA,
"Xalq qəzeti"

