Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 14-də bəyanat yayıb. Bölgəmizdəki cari vəziyyətin aydın əks olunduğu bəyanatda bir məqam xüsusilə diqqəti cəlb edib.
Bildirilib ki, son həftələrdə Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. XİN qeyd edib ki, bu fəaliyyət beynəlxalq hüququn, habelə rəsmi İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusudur.
Qeyd olunub ki, Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə “Azərbaycan Hava Yolları”nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. XİN bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.
Nazirlik vurğulayıb ki, qeyd olunan bu məqamlar 30 ilə yaxın müddət ərzində – 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan danışıqların imitasiyasını, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün prosesin hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır.
***
Azərbaycan XİN-in bəyanatının, necə deyərlər, mürəkkəbi qurumamış Ermənistanda yerləşən Avropa İttifaqının missiyasından cavab gəlib. Sözdə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası adlansa da, tərkibində çox sayda ehtiyatda olan alman və fransız zabitlərin cəmləşdiyi hərbiləşdirilmiş missiya “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib. Aİ missiyası gündəlik patrul xidməti nəticəsində, xüsusilə, Laçın yolunun girişində qoşunların yerdəyişməsi və cəmləşməsinin qeydə alınmadığını bəyan edərək, faktiki olaraq Azərbaycanla sərhəddə qoşunların toplanması ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatını təkzib edib. “Avropa İttifaqının missiyası Ermənistan–Azərbaycan sərhəd zonası boyunca patrul xidməti həyata keçirən 4 operativ baza vasitəsilə hərbi və təhlükəsizlik vəziyyətini gündəlik izləyir. Yerlərdəki məlumatlara əsasən, biz, xüsusilə, Laçın yolunun yaxınlığında qeyri-adi hərəkət və ya qoşun cəmləşməsi müşahidə etmirik. Biz patrul xidmətimizi davam etdiririk”, – deyə monitorinq missiyasının bəyanatında bildirilir.
Azərbaycan XİN-in Ermənistanın şərti sərhədə, xüsusilə də Laçın yolu istiqamətinə qoşun toplaması ilə bağlı bəyanatına Aİ missiyasının cavab verməsi ortaya bir sıra suallar çıxarır. Soruşan gərək, siz Ermənistanın xarici işlər, yoxsa müdafiə nazirliyisiniz? Sizə Azərbaycan XİN-in bəyanatını təkzib etmək səlahiyyətini kim verib? Məgər onlar bununla obyektivliklərinə xələl gətirdiklərinin fərqində deyillərmi? Onlar bununla faktiki surətdə Ermənistanın müvafiq qurumlarının funksiyasını icra etmiş olurlar.
Ortaya digər qənaətlər də çıxır. Deyəsən, Aİ-nin missiyası bölgədə jandarmeriya rolunu oynamaqda iddialıdır. Nədənsə, onlar missiyanın adında “mülki” sözünün olduğunu da unudurlar.
Məsələ ilə bağlı dünən Qərbi Azərbaycan İcması da bəyanat yayıb. Bəyanatda Aİ missiyasının Azərbaycan XİN-in bəyanatına reaksiya olaraq, tələm-tələsik, hətta, az qala, Ermənistan XİN-i qabaqlayan açıqlama yaydığı vurğulanır. İcmadan bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq, Aİ missiyası İrəvanın ruporuna çevrilib. Bəyanatda bildirilib: “Aİ missiyasının patrul apardığı, tez-tez binoklla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəriyyəti deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır. Aİ-nin Qərbi Azərbaycan İcmasının müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirdiyini göstərir”.
“Joxovurd” qəzeti isə Azərbaycanın, guya, yaxın günlərdə Qarabağda hərbi əməliyyata başlayacağını yazıb. Qeyd olunub ki, son günlər separatçı rejimə bağlı qanunsuz silahlı dəstələrin fəaliyyəti ilə bağlı xəbərlərin gündəmə gətirilməsində məqsəd hərbi əməliyyatlara zəmin hazırlamaqdır. Qəzet bildirir ki, ümumiyyətlə, hazırda həm Ermənistanla sərhəddə, həm də Qarabağda gərginlik müşahidə edilir.
***
Aİ missiyası ilə bağlı dünən daha bir hadisə baş verib. Belə ki, Ermənistan müdafiə nazirliyi avqustun 15-də saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca kəndi (haylar bu qədim yurd yerimizi Vardenis rayonunun Verin Şorja sözü ilə özününküləşdirib-S.H.) istiqamətində patrul aparan Aİ müşahidəçilərini və onların avtomobilini, guya, odlu silahlardan atəşə tutduğunu bəyan edib. Qeyd olunub ki, ölən və yaralanan yoxdur.
Ancaq hayların müdafiə qurumunun bu yalanı elə Aİ-nin müşahidə missiyası tərəfindən təkzib edilib. “Aİ-nin müşahidə missiyasının heç bir patrulu atışma hədəfi olmayıb. Biz Ermənistan-Azərbaycan sərhəd rayonlarında patrul xidməti həyata keçiririk və Brüsselə hərbi inkişaflar, o cümlədən məsuliyyət daşıdığımız ərazidə atışma insidentləri barədə məlumat veririk”, – deyə Aİ-nin Ermənistandakı müşahidə missiyası “X” sosial şəbəkəsində bildirib.
Müdrik atalarımız “yalan ayaq tutar, amma yeriməz” deyiblər. Ancaq bu dəfə hayların yalanı nəinki yerimədi, heç ayaq da tutmadı. Onların daha bir yalanı anındaca faş oldu. Özü də elə onlara qucaq açan, hər mənada onları dəstəkləyən Aİ missiyası tərəfindən...
Səxavət HƏMİD, “Xalq qəzeti”

