Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyi münasibətilə “TÜRKSOY türk dünyasının qızıl körpüsüdür” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
Yeni nəsilin diqqətini türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin, birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsinə yönəltmiş müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin 13-15 yaşlı şagirdləri arasında keçirilib. Azərbaycan məktəbliləri Nərmin Məmmədli 1-ci, Yaqut Bəyova 2-ci, Fatimə Məmmədova isə 3-cü yerə layiq görülüb.
Müsabiqə zamanı anonimliyin qorunması ilə bağlı hər şagird özünə türk dunyasına aid bir təxəllüs seçib. Yazıları ilk onluğa düşənlərin adları açıqlanıb.
Nərmin Məmmədli və Fatimə Məmmədova ilə əlaqə saxlayıb onları təbrik etdik, təəssüratlarını öyrəndik.
Nərmin Məmmədli 2008-ci ildə Sumqayıtda anadan olub, burada yaşayır. Məhəmməd Füzuli adına 15 nömrəli məktəbin 10-cu sinfində oxuyur. Müsabiqəyə inşanı “Azərin” adı ilə göndərib. Yazısında tarix boyu türklərə qarşı edilən haqsızlıqlardan, millətlərimizin bütün sınaqlara sinə gərməsindən bəhs edib. İnşası ilə özünə 1-ci yeri təmin edib.
Fatimə Məmmədova da 2008-ci ildə doğulub. Xirdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin şagirdidir. O, müsabiqəyə yazısını “Umay” təxəllüsü ilə göndərib. Həmin inşa 3-cü yeri tutub.
TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı bildirdi ki, qaliblərin mükafatları sentyabrın 15-də Türkiyənin paytaxtı Ankara şəhərində təqdim ediləcək.
Rüfət MƏHƏRRƏMOV


