Yığmamız bu gün Maribor şəhərinə yollanır

post-img

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq Bakıdakı təlim-məşqlərini başa vurub. Ataman Güneyligilin rəhbərlik etdiyi yığmamız paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu da oynayıb. Voleybolçularımız Belarus yığması ilə keçirdiyi hər üç görüşdə qələbə qazanıb.

İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının II mərhələsində komandamız bu gün son məşqini keçib.

Voleybolçularımız hazırlığın son mərhələsi üçün sabah Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyunu da keçirəcəklər. Avqustun 15-də isə millimiz birbaşa Avropa çempionatında qrup oyunlarımızın keçiriləcəyi Almaniyaya yola düşəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan yığmaları olacaq. Millimizin oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

AVRO-2023
Oyunlarımızın təqvimi
C qrupu


18 avqust
22:00. Azərbaycan - Çexiya

19 avqust
22:00. Azərbaycan - Almaniya

20 avqust
22:00. Türkiyə - Azərbaycan

22 avqust
19:00. Azərbaycan - Yunanıstan

23 avqust
22:00. İsveç - Azərbaycan

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman