Pakistanda musson yağışları 133 nəfərin həyatına son qoyub

post-img

Pakistanda 25 iyundan bəri davam edən musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 133-ə, yaralıların sayı isə 215-ə yüksəlib.

Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, güclü yağışlar ölkə daxilində gündəlik həyata mənfi təsir edib.

İyunun 25-dən bəri davam edən yağışlarının törətdiyi fəlakət və qəzalarda Pəncabda 65, Xeyber-Paxtunxvada 35, Sinddə 10, Bəlucistanda 6, İslamabadda 11, Azad Cammu Kəşmirdə 5, Gilgit Baltistanda 1 nəfər olmaqla cəmi 133 nəfər həyatını itirib, yaralı sayı isə 215-ə çıxıb.

Milli medianın məlumatına görə, ölkənin turizm bölgəsi Gilgit Baltistanda torpaq sürüşmələri və daşqınlar səbəbindən çox sayda insan qapalı qalıb.

Ölkənin ticarət mərkəzi olan Kəraçidə də yağışlar daşqınlara səbəb olub. Şəhərin bəzi yerlərində küçələr su altında qalıb, evlər və mağazaları su basısb.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana ciddi ziyan vurub.

Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirmiş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.

Anar ƏLİ,
“Xalq qəzeti”

İdman