III Avropa Oyunlarının mükafatçıları ilə görüş

post-img

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Pol­şada keçirilən III Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb.

ABF-dən “Xalq qəzeti”nə bildi­riblər ki, federasiya prezidenti mul­tiidman yarışında gümüş mükafata sahib olan Məhəmməd Abdullayev (+92 kq) və bürünc medala layiq görülən Murad Allahverdiyevi (80 kq) Azərbaycanı beynəlxalq are­nada uğurla təmsil etdikləri üçün təbrik edib və yeni nailiyyətlər ar­zulayıb.

O bildirib ki, 42 ölkənin qatıl­dığı yarışda 2 mükafata sahib ol­maq, eyni zamanda, fəxri kürsüyə yüksələn boksçularımızın “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması gərgin məşqlərin bəhrəsidir. Kişilər­dən ibarət komandamızın medal sıralamasında “Top-7”də yer almasını uğur adlandıran federasiya prezidenti yarışda digər milli üzvlərinin də əzmkarlıq nü­mayiş etdirdiklərini vurğulayıb. O, Olimpiadaya vəsiqələrin sayının artacağına və boksçularımızın növbəti böyük turnirlərdə üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına inam ifadə edib.

Boksçular çıxış etdikləri yarışlar, qatıldıqları təlim-məşq toplanışları və uğura gedən yoldan danışıblar. Onlar bildiriblər ki, əsas hədəf Olimpiya Oyunlarında medal qazanmaqdır. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman