Son 5 mövsümdə toplanan xalların cəminə əsasən UEFA reytinqində Azərbaycan klublarından ən yüksək pilləni “Qarabağ” tutur. UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub edən Ağdam təmsilçisi 4 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 61-ci yerə yüksəliblər. “Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbağça” (Türkiyə) kimi klubları geridə qoyub.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 2 pillə geriləyən “ağ-qaralar” 9.500 xalla 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşdürür. Reytinqdə geriləyən “Qəbələ”4.500 xalla 265-cidir.
Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.
L.SABİRQIZI, “Xalq qəzeti”

