Kardioloqların Bakı konqresi

post-img

“Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşəbbüsü ilə “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konqres də ümummilli liderin 100 illiyinə həsr olunmuşdur. Tədbirdə Səhiyyə Nazirliyinin və Milli Məclisin Səhiyyə komitəsinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbər işçiləri, həmçinin Azərbaycan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Gürcüstan və Litvanın tanınmış elm xadimləri iştirak ediblər.

ETKİ-nin 45 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

İnstitutun direktoru Gülnaz Dadaşova ulu öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibli­yini qeyd edərək Heydər Əliyevin təşəb­büsü ilə yaradılan ETKİ-nin tarixi yoluna nəzər salıb. 

Bildirib ki, bu tibb müəssisəsi ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə açılıb və ilk gündən instituta akademik Cahangir Məmməd oğlu Abdullayevin adı verilib. C.Abdullayev Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş kardioloq olub. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunur. 

G.Dadaşova daha sonra deyib: 

– Böyük alimin adını daşıyan və 1979-cu ildən fəaliyyətə başlamış Kar­diologiya İnstitutu ötən müddət ərzində böyük inkişaf yolu keçmiş və hazırda güclü elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. Fəaliyyət göstərdi­yi müddətdə istər klinik, istərsə də elm sahəsində öz töhfələrini vermiş və ver­məkdə davam edir. İnstitut xeyriyyə aksiyaları ilə tanınıb. Son 1 il ərzində rəhbərliyin təşəbbüsü ilə ölkə ərazisində uşaq sığınacaqlarında, ahıllar evlərində, eyni zamanda, şəhid və qazi ailələri üçün aksiyalar keçirilib. 

Son illər fəaliyyətində çoxsaylı uğur­lara imza atan Elmi-Tədqiqat və Kardi­ologiya İnstitutu (ETKİ) tibb elminin in­kişafına töhfələr verməkdə davam edir. 2023-cü ilin fevral ayında “Heydər Əliyev İli”nə həsr olunmuş Azərbaycanda ilk dəfə keçirilən kardioonkologiya sahə­sində beynəlxalq konfrans bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Görülən mühüm işlərdən bəhs edən direktoru ke­çirilən beynəlxalq konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib. Qeyd etmək lazımdır ki, müəssisədə yüksək ixtisaslı, təcrübə­li, peşəkar, təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır, eyni zamanda, elmi-tədqiqat işləri aparı­lır. Son ildə effektiv və məqsədyönlü fəa­liyyət sayəsində institutun maddi-texniki bazası yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur.

400-ə yaxın həkimin iştirakı ilə keçi­rilən beynəlxalq konqresdə tibbdə yeni istiqamət – kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlə­nilib. Sonra mövzularla bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb. 

Digər çıxış edənlər də ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar və konqresin əhəmiyyəti haqqında iştirakçılara dolğun məlumat veriblər. Qeyd edək ki, konqres çərçivəsində iştirakçılar üçün “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifi­katlar təqdim edilib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Son xəbərlər