Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Türkiyədən Naxçıvan Dövlət Milli Dram Teatrının 140, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş qastrol səfərindən qayıdıb.
Kollektiv qastrol günlərində türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cibimizdəki cənnət” əsəri əsasında hazırladığı “Cibimizdəki dəlilik” psixoloji komediyasını qardaş ölkənin Ege bölgəsinin İzmir, Sardes və Foça şəhərlərində teatrsevərlərə təqdim edib. Truppa Ege bölgəsində antik teatrın yaradıldığı Sardesdə keçirilən VIII Beynəlxaq Dionis Teatr və Təlim Düşərgəsinə də qatılıb.
Azərbaycanı təmsil edən teatrın aktyorları türkiyəli mütəxəssislərin təşkil etdiyi təlimlərdə iştirak ediblər. Teatrın direktor müavini Səməd Canbaxşiyev Naxçıvan teatrının tarixi, yaradıcılıq ənənələri və bu günü ilə bağlı iştirakçılara geniş məlumat verib. O, qastrol səfərində məqsədin iki ölkə arasında mədəni əlaqələrə töhfə vermək və Azərbaycan teatr ənənələrini türkiyəli teatrsevərlərə təbliğ etmək olduğunu vurğulayıb.
Sardesdəki açıq hava altındakı meydanda “Kosa-kosa” oyunu, “Xına yaxdı” mərasimi və “Tənzərə” yallısı ilə tamaşaçılar qarşısında çıxış edən kollektiv qədim türk folklorunun Azərbaycanda bu gün də yaşadıldığını göstərib. Oyundan sonra yerli tamaşaçılar belə oyunların bir zamanlar onlarda da olduğunu, lakin bu gün unudulduğunu söyləyiblər. Onlar milli ənənəni yaşatdıqları üçün Naxçıvan aktyorlarına təşəkkür ediblər.
Qastrol səfərinin sonunda türkiyəli dramaturq Mehmet Ümit Görgülü Naxçıvan Teatrının kollektivinə əsərini peşəkar səviyyədə hazırlayıb təqdim etdiklərinə görə təşəkkürünü bildirib. O, Azərbaycan teatr sənətinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Xatırladaq ki, Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” əsərinin rejissoru, musiqi tərtibatçısı və baş rolunun ifaçısı Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada rolları gənc aktyorlar Məmməd Mehdiyev, Ələsgər Quliyev, Uğur Nəsirli, Mehri Nəbiyeva, Ləman Vəliyeva, Vəfa Qurbanova, Mirqabil Əkbərov, Amil Yusifov və Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov ifa edilər.
Səbuhi HƏSƏNOV,
Naxçıvan

