ABŞ-ın “İnter Mayami” klubu argentinalı ulduz futbolçu Lionel Messi ilə rəsmi müqavilə bağlayıb. Bu barədə "Mynet.com" saytı məlumat yayıb.
Mənbə yazır ki, son dünya çempionu ilə bağlanan müqavilənin müddəti 2025-ci il mövsümünün sonuna qədərdir.
Rəsmi imza törənindən sonra mətbuata açıqlama verən Lionel Messi deyib: “Karyeramda növbəti addım üçün çox həyəcanlıyam. Bu, çox əla bir fürsətdir. Qarşıya qoyulan məqsədlərə çatmaq və tapşırıqları uğurla icra etmək üçün birlikdə çalışmaq gərəkdir. Mən də yoldaşlarım kimi yeni komandama kömək etmək istəyirəm".
Qeyd edək ki, hazırda Lionel Messi 36 yaşındadır. O, 2003-2021-ci illərdə “Barselona”nın şərəfini qoruyub. 10 dəfə İspaniya çempionu olan ulduz futbolçu, 7 dəfə İspaniya Superkubokunu və ölkə kubokunu qazanıb. 4 dəfə Çempionlar Liqasının qalibi, üç dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
Yeri gəlmişkən, Messi indiyədək 7 dəfə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb.
Elçin ABBASOV,
"Xalq qəzeti"