Azərbaycan medal sıralamasında 24-cü yerdədir
Polşada təşkil olunan III Avropa Oyunlarında komandamızın çıxışı davam edir.
Bu gün idmançılarımız 3 növdə yarışıblar.
Çimərlik futbolu üzrə Azərbaycan millisi qrup mərhələsinin üçüncü turunda İspaniya ilə qarşılaşıb. Millimiz rəqibinə 1:7 hesabı ilə məğlub olub. Seçməmiz daha əvvəl Polşaya 2:7, Portuqaliyaya 2:5 hesabı ilə uduzub. Qrupda sonuncu olan komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
Bu gün trap növündə qadın stend atıcılarımız Ülviyyə Eyvazova və Aydan Camalova təsnifat mərhələsinin ilk günündə çıxış ediblər. 68 xal toplayan Aydan 18-ci yeri tutub. Ülviyyə isə 64 xalla 26-cı olub.
Güllə atıcılığı üzrə tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarının təsnifat mərhələsinin ilk günündə isə Azərbaycan təmsilçisi Ruslan Lunyov 300 mümkün xaldan 292-ni toplayıb. İdmançımız ilk günü 6-cı yerdə başa vurub. Təsnifat mərhələsinə iyunun 30-da yekun vurulacaq.
Kişi badmintonçuların şəxsi yarışında isə qrup lideri olaraq pley-offa vəsiqə qazanan millimizin üzvü Edi Reski Dviçayo növbəti görüşünü keçirib.
Badmintonçumuz dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşıb. Oyun finlandiyalı badmintonçunun 0:2 (18-21,14-21) hesablı qələbəsi ilə başa çatıb.
Ən güclü 16-lıqda mübarizəni dayandıran Edi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına 2750 reytinq xalı qazanıb.
Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində qitə çempionatı statusu daşıyır.
Hazırda yığmamızın aktivində 8 (2-1-5) medal var. Belə ki, karateçilər Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) çempion olublar, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Taekvondoçumuz Sayad Dadaşov (54 kq) gümüş, komanda yoldaşı Qaşım Maqomedov (68 kq) və muay-tayçılarımız Aysu Devrişova (57 kq), Emili Rzayeva (63,5 kq) və Xəyal Əliyev (67 kq) bürünc medala sahib olublar.
Yığmamız bu nəticə ilə 24-cü sıradadır. Medal sıralamasında İtaliya (21-22-27), İspaniya (19-13-15) və Ukrayna (19-10-7) ilk üçlükdə qərarlaşıblar.
“Xalq qəzeti”