Niyə kitablar həyatımızı daha maraqlı, sağlam və xoşbəxt edir?
Bir ayda neçə kitab oxuduğunuzu heç düşünmüsünüzmü? Bəs bir ildə? Statistikaya inanırsınızsa, orta hesabla bir insan ömrü boyu minə yaxın kitab oxuyur, amma ədəbiyyatla heç maraqlanmayanlar da var. Belə laqeydliyin səbəbləri tamamilə fərqli ola bilər, amma nəticə eynidir və təəssüf ki, heç də sevindirici deyil. Müxtəlif ölkələrin psixoloqları və sosioloqları əmindirlər ki, oxumaqdan könüllü imtina edən insan özünü bir çox üstünlüklərdən məhrum edir. Hansı üstünlüklərdən?
"Bilik gücdür" deyən tamamilə haqlıdır. Həyat bizi təklif olunan şərtlərə uyğunlaşmağa məcbur edir və çox vaxt yalnız illər ərzində qazanılan bacarıq və biliklər onların öhdəsindən gəlməyə kömək edir. Müasir dünyanın bizə çox sayda alternativ məlumat mənbələri təklif etməsinə baxmayaraq, kitablar hələ də onların ən yaxşısıdır. Kitabların sayəsində nəinki yeni bir məlumat əldə edə, həm də hər hansı hadisənin keyfiyyətli təhlilini öyrənə bilirik.
Yeri gəlmişkən, britaniyalı alimlər müəyyən ediblər ki, zehni qabiliyyətlərimiz ömür boyu oxunan kitabların həcmindən birbaşa asılıdır. Təəccüblüdür ki, oxumaq bacarıqları ilə insanın idrak qabiliyyətləri arasında dəqiq əlaqə var.
Nə qədər təzadlı olsa da, kino sənəti bizim təsəvvürümüzü tam gücü ilə işləmək imkanından məhrum edir: rejissorlar və prodüserlər bizim üçün mətnin vizuallaşdırılmasının qayğısına qalırlar. Kitablara gəlincə, oxucu öz təxəyyülünü işə salmalı və müəllifin təklif etdiyi əsasda, sözün əsl mənasında, öz dünyasını yaratmalıdır. Beləliklə, mütaliə təkcə müxtəlif sahələrdə biliklərimizi genişləndirmir, həm də yaradıcılığı və qeyri-standart düşüncəni inkişaf etdirməyə imkan verir və bu bacarıqlar çox faydalıdır.
Yüksək keyfiyyətli ədəbiyyat bizə gündəlik həyatda çox da rast gəlinməyən yeni söz və ifadələrlə nitqimizi zənginləşdirməyə imkan verir. Eyni zamanda, oxumaq insanı ideala yaxınlaşmağa kömək edir.
Böyük şəhərlərin sakinləri daimi stressdə olmaq məcburiyyətindədirlər: ofisdə işin çoxluğu, əsəb gərginliyi, daimi yorğunluq. Kitablar bizi aktual problemlərdən yayındıraraq, başqa dünyalara aparan az qala sehrli bir qabiliyyətə malikdir. Ustalıqla qələmə alınmış bir süjetin məkanına daxil olaraq, şəxsi və iş problemlərimizi ən azı bir müddət unutmaq şansımız olur. Bundan əlavə, yüksək keyfiyyətli ədəbiyyat bizim üçün əla ilham mənbəyi rolunu oynayır.
Nə qədər tez-tez bu və ya digər kitabı əlimizə alsaq, ətrafımızdakı dünya haqqında bir o qədər çox məlumat öyrənirik. Lakin əldə edilmiş bilikləri real həyatda tətbiq etməyi öyrənmək da yaxşı olardı. İntellektual baza yaxşıdır, ondan lazımi vaxtda istifadə etmək bacarığı isə qiymətsizdir. Daimi mütaliə bizə öz düşüncələrimizi daha yaxşı formalaşdırmaq imkanı verir. Kitablar sayəsində ünsiyyət dairəsini genişləndirmək, maraqlı natiq olmaq və dünya ilə ünsiyyətdən həzz almağa başlamaq mümkün olur. Ən əsası, oxuduqlarımız şüurumuza müsbət təsir edir, nitqi cilalayır, obyektlərə öz baxışımızı formalaşdırır.
Beyin mütəxəssisləri əmindirlər ki, oxumaq qocalıqda demensiyadan qorunmağın ən asan yollarından biridir. “Ageless Brain” kitabının müəllifi Dale Bredesenin fikrincə, demensiya beynin müəyyən hissələrinin fəaliyyətinin tədricən ləngiməsi nəticəsində yaranır, lakin həyatı boyu müntəzəm olaraq kitab oxuyursansa, şüurun və zehnin daim inkişaf edir və oxumaq vərdişi olmayan insanlardan bir neçə dəfə daha yaxşı işləyir. Bu fenomen çox sadə izah olunur: işləməyən ölür və beynimiz də istisna deyil.
Düzdür, hər dəfə kitab götürəndə beyin inkişaf etmir. Məlumdur ki, hər iki yarımkürənin işə qoşulması üçün özünüzü bir növ "oxucu transına" , necə deyərlər, baş vurmalısınız. Yəqin ki, heç olmasa bir dəfə diqqətinizi tamamilə mənimsəyən bir əsər oxumusunuzsa, bu vəziyyət sizə yaxşı tanışdır. Məhz bu anda beyniniz fəaliyyət və inkişaf mərhələsində olur.
Liverpullu sosioloqlar qeyri-adi araşdırmanın nəticələrini dünyaya təqdim ediblər: belə çıxır ki, kitab oxuyan insan nəinki xarici stimulların və stressin öhdəsindən daha uğurla gəlir, həm də daxili harmoniyanı daha asan tapır.
O da məlum olub ki, kitab oxuyan insanlar demək olar ki, klinik depressiyaya düşmə riski daşımırlar, pessimist düşüncələrə meyilli deyillər və ümumiyyətlə, bütün həyatı boyu onlarla kitab oxumayanlardan daha xoşbəxtdirlər. O zaman bu, kitab oxumağa başlamaq üçün ciddi səbəb deyilmi?Unutmayın: kitab oxumaq həyatdan qaçmağın bir yolu deyil, kitablar onu anlamaq üçün açardır. Reallığın açarı...(Sebastyan Folks)
Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”