Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların dörddəbir final mərhələsində Azərbaycan təmsilçisi Murad Allahverdiyev uğurla çıxış edib. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Hambardzum Hakobyanı Ermənistan) 5:0 hesabı ilə məğlub edib. Yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edən M.Allahverdiyev “dördlüy”ə yüksəldiyi üçün, həm də Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.
İyunun 30-da Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq.
Bu gün daha 3 boksçumuz dörddəbir final döyüşündə mübarizə aparacaq.
Xatırladaq ki, bu, Azərbaycan üçün ikinci lisenziyadır. İlk lisenziyanı Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanan idmançımız Ruslan Lunyov qazanıb.