Gimnastların mətbuat üçün açıq məşqi

post-img

İyunun 19-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə mətbuat üçün açıq məşq keçirilib. 

İdman gimnastikası üzrə yığma komandanın baş məşqçisi Ruslan İrqaşev açıq məşqi izləyən jurnalistlərə komandanın hazırlığı ilə bağlı məlumat verib. O qeyd edib ki, təlim-məşq toplanışı gimnastların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məşq prosesində gənc idmançılar yoxlanır. Peşəkar səviyyədə idmanla məşğul olan hər bir idmançı gənc yaşlarından məşq yükünə, gün ərzində üç dəfə keçirilən məşqlərə uyğunlaşmalıdır. 

Gərgin məşqlərlə yanaşı, onların bərpa olunmalarının da vacib olduğunu bildirən R. İrqaşev idmançıların Milli Gimnastika Arenasında gün ərzində 3 dəfə qidalandıqlarını, vitaminizasiya ilə təmin olunduqloarını və bərpaedici məşqlərdə iştirak etdiklərini vurğulayıb.

Yığma komandanın üzvlərini qarşıda bir sıra mötəbər yarışların gözlədiyini bildirən baş məşqçi deyib ki, yığma komandamızın üzvü Aydın Əlizadə iyulun sonunda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşır. Çində keçiriləcək Yay Universiadasında isə İvan Tixonov və Nikita Simonov mübarizə aparacaqlar. Hər iki idmançı, həmçinin avqust və sentyabr aylarında təşkil ediləcək dünya kuboku yarışlarında və Olimpiya Oyunlarına iştirak hüququ verəcək dünya çempionatında güclərini sınayacaqlar. 

“Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Gimnastika Məktəbi və Sumqayıtı təmsil edən 11-13 yaş qrupu üzrə 20 idmançının cəlb olunduğu məşqlər iyulun 7-dək davam edəcək.

Leyla QURBANOVA,

“Xalq qəzeti”



İdman