Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edib

post-img

Azərbaycan ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edib.

AZƏRTAC xəbər verir ki, sərgiyə ŞƏT ailəsinə daxil olan ölkələrin (üzvlər, müşahidəçilər və dialoq üzrə tərəfdaşlar) nümayəndələri də qatılıb. Tədbirin keçirildiyi Çindao-ŞƏT Mirvari Beynəlxalq Ekspo Mərkəzində daimi Azərbaycan pavilyonunda “Made in Azerbaijan” məhsullarının nümayişi və satışı təşkil olunub.

Sərgi ilə paralel olaraq keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Sənaye və Təchizat Zəncirləri Forumu çərçivəsində təşkil edilən “ŞƏT ölkələrinin tematik təbliğat və qarşılıqlı görüşlər” tədbirində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, “Logistika və ticarət üzrə paralel forum”unda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov, "Mülki aviasiya əməkdaşlığı üzrə paralel forum"unda ticarət nümayəndəliyinin baş məsləhətçisi Natiq Xəlilov təqdimatlar edib, ölkəmizin investisiya, logistika, ticarət və turizm potensialı haqqında ətraflı məlumat veriblər.

Sərgi çərçivəsində AZPROMO və Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonası (SCODA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bununla yanaşı, Azərbaycan məhsullarının Çindao şəhərində satışının artırılması və buradan ölkəmizə investorların cəlb edilməsi məqsədilə yerli şirkətlərlə görüşlər keçirilib.

Qeyd edək ki, Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonası (SCODA) Çin Xalq Respublikasının Sədri Si Cinpinin göstərişi ilə 2018-ci ilin aprelində yaradılıb. Burada Şanxay Əməkdaşlıq Təşkilatının üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin iştirakı ilə ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığa dair müxtəlif layihələr həyata keçirilir.

SCODA-da Azərbaycanın rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarının Çin bazarında satışının təşviqi məqsədilə “Azərbaycan Ticarət Evi” də fəaliyyət göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin







İqtisadiyyat