Turan Daşdəmirov Avropa çempionatının finalında

post-img

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir. Yarışın ikinci  günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar.

Həmyerlimiz Turan Daşdəmirov (45 kq) yunanıstanlı Atanasios Tsinias (9:0), gürcüstanlı Jaba Bolkvadze (9:1) və ermənistanlı Yurik Mxitaryan (8:0) üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qızıl medal uğrunda mübarizə aparacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulan Əli Seyidəlili (51 kq) isə fransalı Nolan Pissoçeri çətinliklə üstələyib - 2:1. Yarımfinalda isə macarıstanlı Peter Totok keçilməz olub - 0:5. Seyidəlili bürünc medal uğrunda güləşəcək. Rəqib Maksim Zaxarov (UWW) – Edqar Juharyan (Ermənistan) görüşünün qalibi olacaq.

Digər güləşçimiz Nurlan İbadzadə (60 kq) sloveniyalı Reno Simunkoviçə tam üstünlüklə (8:0) qalib gəlsə də, dörddəbir finalda belaruslu Kiril Valeuskiyə "tuş"la məğlub olub. İbadzadə təsəlliverici görüşdə fransalı Bilel Qarbiylə qarşılaşacaq.

Daha bir təmsilçimi Cavidan Nehmətov (71 kq) debütdə rumıniyalı Andrey Olteanuya gücünü göstərib - 8:0. Ancaq səkkizdəbir  finalda serbiyalı Oqnyen Todosiyeviçlə bacarmayıb - 4:8.

Mikayıl İsmayılov (92 kq) xorvatiyalı Andrey Rodinə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı Saypula Qadjimaqomedova 0:4 hesabıyla uduzub. İsmayılov təsəlliverici görüşdə serbiyalı Stefan Kojiçlə üz-üzə gələcək.

Təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək.

"Xalq qəzeti"

İdman