Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mühüm əhəmiyyət kəsb edən tədbirlər davam edir.
Bu günlərdə ölkəmizdə keçirilən və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beş mərhələli “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bir sıra məqamlarla idman tariximizin yaddaşına parlaq səhifələr yazdı. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı mübarizəyə qatılmışdı. Xatırladaq ki, “Əziz Şuşa” velosiped yarışı ötən il ölkəmizdə “Şuşa ili” çərçivəsində keçirilib və iki mərhələdən ibarət olan həmin yarışda 8 ölkədən 13 komanda iştirak etmişdi.
Onu da qeyd edək ki, bu turnir idman tariximizdə Şuşada təşkil edilən ilk beynəlxalq yarış kimi əlamətdar hadisə kimi yaddaşlarda qalıb. Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil olunan budəfəki yarış, həm iştirakçı ölkələrin sayına, həm də beş mərhələdə təşkil edildiyinə görə daha genişmiqyaslı olub.
Turnirdə əsas məqamlardan biri də, yarışın həlledici mərhələsinin marşrutunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa edilən “Zəfər Yolu”ndan keçməsi idi. Bu mərhələdə idmançıların enişli-yoxuşlu dağ yolları ilə hərəkət etdikcə ecazkar təbiət mənzərələri ilə göz oxşayan doğma yurdumuz – Qarabağ bütün möhtəşəmliyi və əzəməti ilə diqqəti cəlb edərək yarışı daha da maraqlı və həyəcanlı edirdi.
Düzdür, yarışın ilk dörd mərhələsi də velosipedçilərin ümumilikdə gərgin və maraqlı mübarizəsi şəraitində keçdi. Belə ki, iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan startı verilən yarışın ilkin mərhələsində 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçən idmançılar, sabahı günü Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə keçiblər. Qəbələdən Gəncənin mərkəzinədək olan üçüncü mərhələdə velosipedçilər 170 kilometr tamamilə düz marşrut üzrə hərəkət ediblər. Dördüncü mərhələ isə Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 kilometrdən ibarət olub.
Yarışın Şuşayadək olan əsas mərhələsi idmançıların xüsusilə əzmkar mübarizəsi ilə yadda qalıb. Elə turnirin direktoru Ronald Hofer də hələ yarışın əvvəlində dağ keçid mərhələlərinin çox olduğu üçün yarışın çətin olacağını düşündüyünü demişdi. Həlledici mərhələdə yarış iştirakçıları Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Şuşa şəhərinə qədər 132,2 kilometr məsafə qət ediblər. Dağ mərhələsi olan Şuşa marşrutu üzrə idmançılar əvvəlcə dağa qalxıb sonra şəhərin mərkəzinə eniblər. Yerli sakinlər, idman həvəskarları və turistlər velosipedçiləri alqışlarla qarşılayıb, onları böyük coşqu ilə dəstəkləyiblər.
Sonuncu mərhələnin qalibi olan İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni yekun nəticələrə görə, “Əziz Şuşa” beynəlxalq velosiped yarışında qızıl medal qazanıb. O, sarı köynəklə yanaşı, həm də yarışın ən yaxşı sprinteri olaraq yaşıl köynəyə sahib olub.
“Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi gümüş, Niderlandın “Universe Cycling Team” klubunun üzvü Lars Quaedvlieg isə bürünc medala layiq görülüb.
Azərbaycan milli komandasının üzvü Samir Cəbrayılov dağ yollarında əzmkarlıqla mübarizə apararaq bütün rəqiblərini üstələyib. İdmançımız yarışın ən yaxşı dağ velosipedçisi olduğuna görə qırmızı köynəklə təltif edilib.
Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi isə ən yaxşı gənc idmançı olaraq ağ köynəyə sahib çıxıb.
Komanda hesabında isə İtaliyanın “Team Technipes İnemiliaromagna” klubu birinci yeri tutub. Azərbaycan milli komandası yarış cədvəlinin 9-cu pilləsində yer alıb. Turnirin digər önəmli məqamı isə onun “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması idi.
Yarışlar zamanı açıqlamalar verən iştirakçılar turnirin idmançılardan xüsusi əzmkarlıq tələb edən ciddi sınaqlardan biri olduğunu, bu çətinliyin onların mübarizə ruhunu daha da artırdığını qeyd ediblər. Birinci mərhələnin qalibi bolqarıstanlı idmançı Martin Papanovun “Küləyə qarşı irəliləsəm də, ətrafa baxırdım və Azərbaycanın gözəl təbiətinə heyran olurdum”, – fikirlərini xoş təəssüratla xatırlayırıq. Bəli, məhz yorulmaz mübarizə nümayiş etdirənlər sonda qalib olur, Zəfər Yolu ilə yeni zirvələrə ucalırlar.

