Dünən Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva diqqətə çatdırıb ki, tarixi-mədəni hüdudlarımız respublikamızın sərhədləri ilə bitmir, Ermənistan Respublikası indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə qarşı törətdiyi soyqırımının bədəlini ödəyəcək, tarix, insanlıq və hüquq qarşısında cavab verəcək.
Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, toponimlərimizin, coğrafi adlarımızın, xalqımızın folklor nümunələrinin öyrənilməsi və təbliğinin hər bir azərbaycanlının borcu olduğunu deyən Əziz Ələkbərov bu istiqamətdə görüləcək işlərlə bağlı fikirlərini bölüşüb, dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb.
Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqalları Şurasının sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, deputatlar Fazil Mustafa, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Məlahət İbrahimqızı, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Azəri-Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı və başqaları çıxış edərək Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırımına məruz qalması, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”

