Argentinada keçirilən 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının yarımfinal matçında İtaliya Cənubi Koreyanı məğlub edib. "AS"ın məlumatına görə, "Köhnə qitə" təmsilçisi görüşdə 2:1 hesabılı qələbə qazanıb.
İtaliyanlar 14-cü dəqiqədə Çezare Kazadeyin qolu ilə hesabda irəsli çıxsalar da, 23-cü dəqiqədə koreyalılar Sın-Von Linin 11 metrlik cərimə zərbəsindən (penalti) müvəffəqiyyətlə yararlanıblar. Bununla da, hesabda tarazlıq gətirilib. Oyunun taleyini həll edən qolu isə 86-cı dəqiqədə Simone Pafundi vurub. Onun qolu ilə 2:1 hesabı ilə önə keçən italyanlar sonadək bu hesabı qoruyub saxlayıblar.
Bununla da İtaliya turnirin finalına yüksəlib. İyunun 13-də gücə 01:00-da İtaliya və Uruqvay milli komandlaları arasında final görüşü baş tutacaq.
Xatırladaq ki, İtaliya gənclər arasında dünya çempionatında ilk dəfə finala yüksəlib, Uruqvay isə 1997 və 2013-cü illərdə həlledici görüşlərə çıxıb, lakin heç biri indiyədək turnirin qızıl medallarına yiyələnməyiblər.
Qeyd edək ki, yarımfinalda məğlub olan Cənubi Koreya isə iyunun 11-də yerli vaxtla 21:30-da üçüncü yer uğrunda görüşdə İsraillə qarşılaşacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"

