Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi turnirin ikinci gününün yarışları Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. Niderlandlı Şurmans Luk 75 velosipedçi arasında finişə birinci çataraq qalib adını qazanıb. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yerləri tutublar.
İlk iki turdan sonra ümumi reytinqə başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb.
Xatırladaq ki, yarışın birinci mərhələsində Bolqarıstan millisinin üzvü Martin Papanov birinci yeri tutub. İyunun 9-da Qəbələdən Gəncənin mərkəzinə qədər 170 kilometr yol qət ediləcək.
Yarış iyulun 11-dək davam edəcək.


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    