Ata ocağında oğul məclisi

post-img

Səməd Vurğunun Ev Muzeyində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. 

Böyük şairin həyat və yaradı­cılığından bəhs edilən ədəbi-bədii gecədə Vaqif Səmədoğlunun ömür-gün yoldaşı, fəlsəfə doktoru Nüşabə Vəkilova, nəvəsi Vurğun Vəkilov, şa­ir-yazıçı İlqar Fəhmi və digər qonaq­lar şairlə bağlı xatirələrini bölüşdülər. 

Qeyd olundu ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olub, öz yara­dıcılığı ilə yeni nəsillərin ədəbi zövqü­nün formalaşmasında mühüm rol oy­nayıb və bu gün də bənzərsiz əsərləri ilə gənclərin qəlbinə yol tapır. “Mənim yaradıcılığım üç mövzudan bəhs edir: Allah, ölüm və azadlıq” – deyirdi Vaqif Səmədoğlu. Əslində, bu üç məhfum onun yaşam üçbucağının üç üzü, üç bucağı, üç tərəfi idi. 

Çıxış edənlər dedilər ki, Vaqif Səmədoğlu poeziyası oxucunu yalan, saxta nə varsa, hamısından azad ol­mağa səsləyir. Bu şeirlər qafiyə mə­suliyyəti daşımır, ifadə və təsvir va­sitələrinin yükünü boynuna götürmür, metafora-istiarə, metonimiya-sinek­doxa, bədii nida, ritorik sual qeydinə qalmır. Müdrik görünmək üçün fəlsəfi yüklə yüklənmir. Onun şeirlərində məntiq axtarmaq lazım deyil, sadə­cə, necə başa düşürsənsə, o cür də qəlbinə həkk olunur.

Şair poeziya ilə yanaşı, musiqi sahəsi ilə də məşğul olurdu. O, Bül­bül adına musiqi məktəbini fortepi­ano sinfi üzrə əla qiymətlərlə bitirib. Filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S.Raxmaninovun ilk konsertini ifa edib.

Məclisdə Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş müəllif və Azərbaycan Xalq mahnıları ifa olun­du, şairin məşhur şeirlərindən nü­munələr səsləndirildi. 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”

Mədəniyyət