“Anadolu Agentliyi”nin yaydığı məlumata görə, Portuqaliyanın “Benfika”, “Porto” və “Sportinq” klublarının ofislərində ölkənin prokurorluq orqanları tərəfindən vergidən yayınma ittihamı ilə araşdırmalar aparılıb.
Portuqaliyanın 3 böyük klubu ilə bağlı aparılan istintaq çərçivəsində axtarışlarda prokuror, maliyyə müfəttişləri, polis və hakimlər olmaqla 250-yə yaxın məmurun iştirak etdiyi açıqlanıb.
Prokurorluğun mətbuata verdiyi açıqlamada, Portuqaliya klublarının mühasibatlıq və hüquqi işləri ilə məşğul olan 60-a yaxın şirkətin ofislərində axtarış aparıldığı qeyd edilib.
Prokurorluq hesab edir ki, bu üç məşhur Portuqaliya klubundan, ümumilikdə, 58 milyon avro məbləğində maliyyə və sosial yardım göstərilməsinə dair qeyri-qanuni əlamətlər var.
İstintaqın “əmək müqavilələrinin imzalanması və ya uzadılması, komissiyaların ödənilməsi və imic hüquqlarının həyata keçirilməsi kimi hallarda vasitəçilərə ödənilən pullar” üzərində cəmləndiyi bildirilir.
Qeyd edilir ki, klublar “vergidən yayınma, sosial təminatdan fırıldaqçılıq və çirkli pulların yuyulmasında” ittiham olunur.
Prokurorluğun rəsmi saytında verdiyi açıqlamada “Porto” klubunun tələb olunan bütün elementləri təmin edərək ədalətlə əməkdaşlıq etdiyi açıqlanıb.
Portuqaliya mətbuatı 2020-ci ilin martında bu klublara bənzər reyd edildiyini xatırladaraq, bugünkü çağırışın əvvəlki araşdırmanın davamı olduğunu yazıb.
Elçin ABBASOV,
“Xalq qəzeti”