Azərbaycan ağırlıqqaldıranları Tunisdə keçirilən 33-cü Afrika çempionatında uğurla çıxış edərək 3 medal qazanıblar.
Təmsilçilərimizdən sonda körpücük üzərinə çıxan Ömər Cavadov (73 kq) birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada 167 kq çəkini ram edib və toplam 310 kq (143+167) nəticə göstərib. O, bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.
Qeyd edək ki, daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.
Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatına görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.