Azərbaycan Ağır Atletika Federasiyasında “Xalq qəzeti”nə bildiriblər ki, daha bir ağırlıqqaldıranımız Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb.
Federasiyadan bildirilib ki, 67 kiloqram çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançımız hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, bundan əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.
Onu da qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatına görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”