Atıcılıq üzrə dünya kubokunun ikinci günündə Türkiyə komandası qaliblər sırasında olub

post-img

Bu gün Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün növbəti yarışları keçirilib.  Qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə finala düşən iki Çin komandasından biri (Yuting Hvang və Lihao Şenq) qızıl, digəri (Jiling Vanq – Aoran Yanq) gümüş medala sahib olub. Həmyerlilər finalı 16:14 hesabı ilə tamamlayıblar. Çexiya komandasını təmsil edən Aneta Brabçova - Frantisek Smetana cütlüyü 17:11 hesabı ilə Macarıstan təmsilçilərindən önə çıxaraq bürünc medala yiyələniblər.

Ötən il Bakıda bol medallarla yadda qalan Türkiyə komandası bu gün ilk medalını qazanıb. Qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə türkiyəli Şimal Yılmaz və İsmail Keleş cütlüyü İtaliya komandasını 17:9 hesabı ilə üstələyərək bürünc medala layiq görülüb.

Hindistanlı Divya Tadigol Subaraju və Sarabjot Sinqh serbiyalı Zorana Arunoviç və Damir Mikeç duetinə 16:14 hesabı ilə qalib gələrək, yarışın qızıl medalçısı olublar.

A.Elçin,
"Xalq qəzeti"

İdman