Fransanın “Airbus” şirkətinin Hindistanın sifarişi ilə istehsal etdiyi ilk C295 hərbi nəqliyyat təyyarəsi birinci uçuşunu yerinə yetirib. Şirkətdən bildirilib ki, ilk uçuşunu uğurla tamamlayan C295 cari ilin ikinci yarısına qədər sifarişçiyə təhvil veriləcək.
“Airbus” və Hindistan Silahlı Qüvvələri arasında 56 ədəd C295 hərbi nəqliyyat təyyarəsinin alqı-satqısına dair müqavilə 2021-ci ilin yanvarında imzalanıb. Müqaviləyə əsasən, sifariş edilən 56 ədəd C295-dən ilk 16 ədədinin 4 il ərzində “Airbus” müəssisəsində istehsal edilərək çatdırılması, yerdə qalan 40 ədəd təyyarənin isə Hindistanın yerli TATA şirkəti tərəfindən növbəti on il ərzində istehsal olunaraq təhvil verilməsi planlaşdırılıb.
Qeyd edək ki, hazırda “Airbus” şirkətinin istehsal etdiyi 170-ə yaxın “Airbus” C295 təyyarəsi 25-dən çox ölkənin Silahlı Qüvvələrində istifadə olunur.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”