Bədii gimnastlarımız Portuqaliyada bürünc medal qazanıblar

post-img

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Portuqaliyada bürünc medal qazanıb. Belə ki, Avropa çempionatına sayılı günlər qalmış bədii gimnastika üzrə qrup hərəkətləri yığmamızın üzvləri ölkəmizə medal sevinci yaşadan gimnastlarımız bu uğura Portuqaliyanın Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid dünya kuboku yarışlarında nail olublar.  

Ölkəmizi təmsil edən qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çoxnövçülük proqramında bürünc medala yiyələniblər.

Onu da əlavə edək ki, beş halqa, üç lent və iki topla hərəkətlərin icrasında finalda mübarizə aparan təmsilçilərimiz, ümumilikdə, 61 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Fərdi proqramda ən yaxşı nəticəni isə Zöhrə Ağamirova göstərib. Belə ki, topla (31.100 xal) və halqa halqa (28.300 xal) ilə hərəkətlərin icrasında finala yüksələn idmançımız müvafiq olaraq 6-cı və 7-ci yerləri tutub.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman