Bu gün Premyer Liqada XXXIII tur start götürür

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək. Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, turun ilk qarşılaşması “Kəpəz” və “Sabah” komandaları arasında baş tutacaq. Həmin görüş saat 18:00-da başlayacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matçı hakim Rəşad Əhmədov idarə edəcək.

Qeyd edək ki, turun digər qarşılaşaması mayın 6-da “Şamaxı” və “Zirə” komandaları arasında baş tutacaq. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 16:30-da başlayacaq. Oyunu hakim Cavid Cəlilov idarə edəcək.

XXXIII turun daha iki görüşü isə mayın 7-nə təsadüf edəcək. Həmin gün saat 15:00-da “Turan Tovuz”-“Neftçi”ni qəbul edəcək. Görüşün baş hakimi Kamal Umudlu olacaq.

Eyni gündə “Sumqayıt” klubu autsayder “Səbail”i sınağa çəkəcək. “Kapital Bank Arenada” keçiriləcək oyunu hakim İnqilab Məmmədov idarə edəcək. Oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura mayın 8-də “Qarabağ”-“Qəbələ” matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 20:00-da “Azersun Arenada” baş tutacaq. Matçın hakimi Rəvan Həsənzadə olacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman