İlk üçlüyə qısa baxış...

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər üzrə mövsüm başa çatmaq üzrədir. Sona bir neçə tur qalmış ölkə çempionatında bir-birindən maraqlı anlar yaşanır. Belə ki, bir tərəfdə cari mövsüm gümüş medallar uğrunda mübarizədə məğlub olan Azərbaycan futbolunun flaqmanı “Neftçi”, bir tərəfdə elitada qalmaq uğrunda çaba sərf edən “Şamaxı” və “Səbail” rəqabəti yaşanır. Bütün bunlarla yanaşı, digər tərəfdən, Birinci Diviziondan iki klubun Premyer Liqaya cəlb edilməsi məsələsi də ölkə futboluna artan marağın göstəricisidir.

Qeyd edək ki, ölkə çempionatının XXXII turunda “Neftçi” klubunun doğma meydanda “Qarabağ”a böyük hesabla məğlub olması komandanın gümüş medal ümidini boşa çıxardı. Bununla da, “ağ qaralar”ın bürünc medal qazanacağı bir növ təsdiqini tapdı.
Sona dörd tur qalmış çempionluğa iddialı “Sabah”ı (74 xal) 7 xalq fərqi ilə qabaqlayan lider “Qarabağ”ın (81 xal) qızıl medala sahib çıxacağı artıq heç kimdə şübhə doğurmur.
Onu da əlavə edək ki, Qurban Qurbanovun yetirmələri qitəmiqyaslı yarışlarda da ölkəmizi uğurla təmsil edib, özləri haqqında, müəyyən istisnalar olmaqla, müsbət imic yaradıblar.

Yeri gəlmişkən, cari mövsümdə Ağdam təmsilçisi Azərbaycan Kuboku uğrunda mübarizəni dayandırsa da, onlar daha yüksək hədəf uğrunda mübarizədə məqsədə çatıblar. Belə ki, ölkə çempionatının qalibi kimi qızıl medala sahib olmaq kubokla müqayisədə daha üstündür.

Azərbaycan Premyer Liqasının gənc klubu sayılan “Sabah” komandası üçün cari mövsümü digərləri ilə müqayisədə uğurlu saya bilərik. Belə ki, 2022-2023 mövsümündə Murad Musayevin rəhbərlik etdiyi komanda çox uğurlu çıxış edir. Hətta deyə bilərik ki, komanda Ağdam təmsilçisi ilə çempionluq yarışında çox maraqlı və gərgin mübarizə aparıb, ölkə çempionatını 74 xalla ikinci pillədə başa vuraraq özü üçün ən azından gümüş medalları təmin edib. Belə ki, üçüncü pillədə qərarlaşan və 61 xalı olan “Neftçi”nin “Sabah”a çatması imkansızdır.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman