Türkiyə şirkəti yeni raket üzərində çalışır

post-img

Qardaş Türkiyənin “Roketsan” şirkəti tank əleyhinə yeni UMTAS-GM adlı raket hazırlayır. Bunu yerli mətbuata açıqlamasında şirkətin baş direktoru Murat İkinci deyib.

UMTAS-GM raketi UMTAS-ın uzun mənzilli versiyasıdır. Yeni versiya xüsusən helikopterlərdən və quru platformalarından atəş açmaq qabiliyyəti ilə əslində UMTAS raketinin atış məsafəsini daha çox artıracaq.

Murat İkinci bildirib ki, UMTAS-GM raketini yaratmaqda məqsədləri beynəlxalq arenada həm yüksək bazar payına malik olan, həm də Türkiyə Silahlı Qüvvələrinə üstünlük qazandırmaqdır: “Hədəfimiz bu ilin sonuna doğru kütləvi istehsal mərhələsinə qədəm qoyan UMTAS-GM ilə istifadəçilərimizin qarşısına çıxmaqdır”.

Şirkət rəhbəri onu da qeyd edib ki, “Roketsan” hazırda 40-a yaxın gizli layihə üzərində çalışır: “40 layihə hər biri öz təqvimi daxilində mühəndislərimizin səyləri ilə davam edir. Bu layihələrin nəticələrini əldə etdikcə, onları birinci öz ictimaiyyətimizlə, ikinci isə dünya ilə bölüşməyə davam edəcəyik”.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Son xəbərlər