Minifutbol üzrə millimiz Serbiya ilə qarşılaşacaq

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulacaq. Belə ki, bu gün dörd oyun keçiriləcək.

Əvvəlcə B qrupunun matçları oynanılacaq. İlk olaraq autsayderlər -Türkiyə ilə CAR yığmaları üz-üzə gələcəklər. Həmin matç saat 14:30-da keçiriləcək. Türkiyə yığmasının 3-cü yerə az da olsa, şansı davam edir. Bunun üçün “ay-ulduzlular” qalib gəlməli, digər görüşdə isə Fransa Qazaxıstanı məğlub etməlidir. Fransa Qazaxıstan görüşü isə saat 16:00-da başlayacaq.

A qrupunda heç bir şansı qalmayan İtaliya seçməsi isə turnirdə son sınağına çıxacaq. Belə ki, saat 17:30-da İtaliya Çexiya ilə qarşılaşacaq. Qrupda liderliyini bölüşdürən Azərbaycan və Serbiya millilərinin qarşılaşması isə birinci yerin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər. Matç saat 19:00-da start götürəcək.

A.Elçin,
“Xalq qəzeti”

İdman