Boks üzrə Azərbaycan yığması dünya çempionatında tam heyətlə iştirak edəcək

post-img

Özbəkistanın paytaxtı Daşkənddə mayın 1-də kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək yarışda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq.

“Xalq qəzeti” Azərbaycan Boks Federasiyasına istinadən bildirir ki, məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.

Aprelin 28-də Daşkənddə yollanacaq komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Yığma mayın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-dək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar əldə edəcəklər. İkinci yerin sahiblərinə 100 min, bürünc medal qazananlara isə 50 min dollar pul mükafatı veriləcək.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

 

İdman